Müsahibə
Pupondan Qurbanova təşəkkür: “Onun necə böyük insan olduğunu görmək üçün altı ay kifayət etdi”
2015-16 mövsümünün ilk yarısını “Qarabağ”ın heyətində keçirmiş niderlandlı hücumçu Raydell Puponun futbolinfo.az saytına müsahibəsi
– Sabiq komandanız “Qarabağ”ın oyunlarını izləyirsiniz?
– Mən, ümumiyyətlə, keçmiş komandalarımın hamısının oyunlarına baxıram. Ən pis halda nəticələri ilə maraqlanıram. Formasını geyindiyim ən böyük klublardan biri isə “Qarabağ” olub. Az da olsa, orada çıxış etdim, gücünü gördüm.
– Bəs niyə yarım mövsüm sonra ayrıldınız?
– Fikrimcə, ayrılmaqla doğru addım atdım. Çünki uyğunlaşmaqda problem yaşadım. Demirəm ki, Azərbaycan çempionatı ürəyimcə olmadı. Sadəcə, adaptasiya problemi yaşadım. Niderlandda oynamaq mənə daha rahat idi.
– Siz özünüz ayrıldınız, yoxsa “Qarabağ” tərəfi bunu istədi?
– Baş məşqçi Qurban Qurbanov mənimlə görüşərək, karyeram baxımından getməyimin ən doğru variant olacağını bildirdi. Həmin vaxt klublar start heyətində 5 əcnəbi oynada bilərdilər. Qurbanov da söhbətində məni həmin “beşlik”də görmədiyini açıq şəkildə dedi. Bir hücumçu üçün güvən çox vacibdir. Mənə daha çox güvəndiyini hiss etdiyim “Roda”ya keçdim.
– Qurban Qurbanovdan incikliyiniz var?
– Əksinə, ona minnətdaram. Çünki fikrini üzümə dedi. Məni komandada saxlayıb, ehtiyatda oturda da bilərdi. Oynaya biləcəyim yerə keçməyim üçün şərait yaratdı. “Qarabağ”da çox az müddət qaldığım üçün insanlarla yaxınlıq edə bilmədim. Ancaq Qurban Qurbanovun necə böyük insan olduğunu görmək üçün altı ay kifayət etdi.
– Dediniz ki, “Qarabağ”ı izləyirsiniz. Komandanın bu mövsüm avrokuboklarda şanslarını necə görürsünüz?
– “Qarabağ” artıq qrupda oynamaqla kifayətlənmir, pley-offlara da çıxır. Çempionlar Liqasının ilk oyununda səfər qələbəsi qazanıblar. Məncə, bu mərhələni problemsiz keçəcəklər. Əminəm ki, “Qarabağ” yenə qrupa qədər irəliləyəcək. Ancaq hansı turnirin olması onların özlərindən asılıdır. Ümid edirəm ki, bu komanda yenidən Çempionlar Liqasının qrupunda oynayar.
– Avrokuboklarda daha da irəli getmək üçün nə lazımdır?
– Yəqin ki, finala qədər irəliləməyi nəzərdə tutursunuz. Avrokuboklarda bunu bacarmaq fantastik nəticə sayılır. Ancaq “Qarabağ” da illərdir çəkdiyi zəhmətin bəhrəsini görür. Məsələn, komandanız Qurban Qurbanovun rəhbərliyi altında Konfrans Liqasında finala yüksəlsə, buna təəccüblənmərəm. Əminəm ki, baş məşqçi gələcəklə bağlı qarşısına belə bir məqsəd qoyub.
CAVAD
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO