Ölkə futbolu
Rəqib ayağına göndərilən “Kəpəz” və “siçan-pişik” oynayan AGİN-lə AFFA
“Kəpəz” yenə qapı-qapı gəzir. Gəncə klubunu belə rəzil vəziyyətə salanlar utansın!
Müqayisə bir az kobud və qeyri-etik görünə bilər, amma faktdı: “Kəpəz” hər tur rəqiblərinin ayağına göndərilir, sifarişlə çağırılan qonaq təsiri bağışlayır. İlk turda “Zirə”nin ev oyunlarını keçirdiyi “Dalğa Arena”da ev sahibi olan gəncəlilər, gələn həftə Qəbələdə yerli komandayla eyni statusda oynayacaq. Mərdəkanda rəqibinə 3 xal bağışlayan komanda yəqin ki, bölgədə də eyni ürəyiaçıqlığı göstərəcək.
Arzuolunmaz, gəncəli azarkeşlər üçün isə qəbuledilməz durumdu. Komandanın Qəbələyə köçürülməsini guya evə daha yaxın olmasıyla əsaslandırmağa çalışsalar da, əslində, ortadakı mənzərə tam fərqli görünür. Gəncədə mümkün deyildisə, komandanın elə paytaxtda qalması daha məqsədəuyğun idi. İnanın ki, Qəbələylə müqayisədə Bakıda “Kəpəz”i daha çox azarkeş dəstəkləyəcəkdi.
Bu kluba Premyer Liqada iştirak üçün lisenziya verən qurumun, ümumilikdə AFFA-nın rəhbərliyi görəsən, utanırmı? Zatən maliyyə AFFA-dan ayrılırsa, öz stadionu olan “Zaqatala” qala-qala “Kəpəz”i bu qədər urvatsız formada Premyer Liqaya buraxıb biabır etməkdə məqsəd nə idi? “Zaqatala” klubuna öz adamlarını yerləşdirə bilmədikləri üçün ona yox, məhz AFFA işçilərinin əlində oyuncağa çevrilən “Kəpəz”ə şərait yaratmaq şəxsi məqsədlərdən qaynaqlanır. Futbol şəhəri, tarixi ənənələr və s. yalnız gəlişigözəl sözlərdi.
Gəncə stadionunun təmirə ehtiyac duymasını illərdi hamı bilir. O zaman I Diviziondan fərqli olaraq, Premyer Liqada ev matçlarına azarkeş buraxılmayacağı öncədən bilinən “Kəpəz” niyə bu şəkildə biabır edilir? Axı, belə vəziyyət müvəqqəti də deyil, Gəncə stadionunda problemlərin həlli üçün heç bir iş görülmür. AGİN AFFA-nı, AFFA AGİN-i nişan verir, real addımlar isə atılmır. Qazon kimi paltardəyişmə otaqları da yenilənir, amma azarkeşlər tribunaya buraxılmayacaqsa, “Kəpəz” Gəncədə oynamayacaqsa, bütün bunlar nəyə lazımdı?
AFFA Gənclər və İdman Nazirliyinin balansında olan stadionun təmiri üçün tender elan edib, nəticə isə yoxdu. Qurumlar günahı biri-birinin üstünə atır, məktubbazlıq edirlər, hər iki tərəf təmir-tikinti işlərində öz payını götürmək istəyir, prosesi uzadır.
Günlərdi AGİN-dən rəsmi sorğuya cavab ala bilmirik. Təmir işlərinə nə vaxt başlanacağı barədə suala cavab verə bilmirlər, vaxt uzadırlar. Assosiasiya da tenderin nəticələrini açıqlaya bilmir, çünki sponsorun tapılmasıyla bağlı nazirliyə verdikləri vəddə yalançı çıxıblar. İki ciddi qurum oyunbazlıq etdiyi bir məqamda “Kəpəz” küçələrdə qalıb, hər dəfə bir rəqibinə sığınır.
Cavabdeh şəxslər, utanırsızmı?
ABBAS
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”