3-cü turun maraqla gözlənilən qarşılaşmalarından biri “İnter” – “Simurq” oyunudu. Marağın səbəbi hər kəsə bəllidi.
Artıq illərdi bu komandaların “qardaşlığ”ı haqqında danışmayan qalmayıb. Hətta zaqatalalı ararkeşlər belə dilə gəlmişdilər. Məhz onların aşkar narazılığından sonra klub rəsmiləri yeni siyasətə əl atdılar. Nədənsə son qarşılaşmalarda qələbə qazanan tərəf “Simurq” olur. Buna bəlkə də qələbə yox, “gözə kül üfürmək” deyək. Eyni zamanda əyalət klubunun “İnter”ə lazım olmayan oyunlarda qələbə qazanması da diqqət çəkir. Maraqlıdı, görəsən, bu tur hansı siyasətə əl atacaqlar, qalib bu dəfə hansı olacaq? Bu sualın cavabın bilmək üçün həftə sonunu gözləmək lazımdı. Görəsən, ölkənin aparıcı jurnalistləri nə düşünür? Futbolinfo.az onların açıqlamalarını təqdim edir.
Natiq Muxtarlı (“Komanda” qəzetinin redaktoru): "İnter" – "Simurq" oyunu haqda ən düzgün proqnozu yalnız və yalnız Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev verə bilər. Oyunun nəticəsi mütləq onun planına və maraqlarına xidmət etməlidi. Klub rəsmiləri, məşqçilər bu planın və maraqların konturlarını futbolçulara çatdıracaq. Onlar da meydanda sərgilədikləri oyunla bu maraqlara xidmət edəcəklər. Münəccimlik etməli olsaq, deyə bilərik ki, "İnter" ilk dövrədəki sifarişli məğlubiyyətin "mükafat"ını almalıdı. Ya da "Simurq" yenə də qalib gəlib, sonrakı 2 qarşılaşmada məğlub olmalıdı. Deyəsən, ortaya çox versiya çıxır axı… Sağlam rəqabətin olmadığı bir mühitdə güman ancaq versiyalara qalır. "İnter"in sahibinin düşüncəsi o qədər zəngindi ki, versiyaların çox olması başadüşüləndi. Bütün hallarda bu dəfə “Şəfa”da oyun yox, "oyun" olacaq. Tsxadadzenin oyundan əvvəl Gürcüstana gedib-getmədiyini də yoxlamaq lazımdı. Bu haqda məlumat əldə edə bilsək, idman mətbuatı "Simurq" – "İnter" qarşılaşması ilə bağlı daha dolğun proqnoz verə bilər”.
Elşən Məmmədov (“Lent.az”ın idman bölməsinin və İdman araşdırmalar mərkəzinin rəhbəri): “Əslində, bu oyun Zaqatalada keçirilməli idi. Amma "Simurq" bəyanat yayıb ki, UEFA nümayəndələri əyalət stadionuna baxış keçirməmiş orada oynamaq olmaz. Görünür, Avropa futbol qurumu "Simurq"un təkidli tələbinə qəsdən məhəl qoymayıb və Zaqatalaya səfərini bilərəkdən noyabrın 9-dək yubadıb. Çünki "İnter" – "Simurq" matçı məhz bu tarixə salınıb. Əgər UEFA nümayəndələri həmin gün "Şəfa" stadionundakı oyunu izləməyə vaxt tapsalar, gərgin rəqabət gedəcək. Əks halda, "İnter" qələbə qazanacaq. Çünki hazırda paytaxt klubu turnir cədvəlində daha yuxarı pillədədi”.
Anar Xanlarov (“Rekord.az”ın redaktoru): “Nə qədər ki, bu iki komanda eyni anda mövcud olub eyni anda Premyer Liqada oynayacaqlar, heç kim onlar arasındakı oyunların nəticəlırini şəffaf qəbul etməyəcək. Çünki bünövrə artıq qoyulub və hamı da bu iki komandanı qardaş kimi qəbul edib. Kaxaber Tsxadadze də bir dəfə demişdi ki, nə qədər ki, "İnter"lə "Simurq" var, qardaş söhbəti də olacaq. Bu, artıq etirafdı. Necə ki, keçən il "Simurq"un formasını geyinən Dmitri Kramarenko Rusiya mətbuatına açıqlamasında bunu açıq şəkildə bəyan etmişdi. Eləcə də bir dəfə İlqar Əbdürrəhmanov "Simurq"da oynadığı vaxt verdiyi müsahibəsində demişdi ki, hansısa iddialı komanda ilə oyundan qabaq "İnter"in sahibi Cahangir Hacıyev Zaqatala klubunun soyunub-geyinmə otağına girib qələbəyə kökləmişdi. O ki qaldı budəfəki oyuna, məncə, "İnter" qalib gələcək. Çünki hazırda turnir cədvəlində yaranmış vəziyyət "stavka"nın "bankirlər"in xeyrinə edilməsini tələb edir”.
Vüqar Zeynalov (“Azərisport.com”un redaktoru): “Son oyunların gösətirir ki, “İnter” özünə gəlir. “Simurq” isə oyunu bir qədər itirib. Həmdə ki, oyun “Şəfa”da olacaq. Düzdü, birinci dövrədə zaqatalalılar qələbə qazanmışdı. Amma onda “İnter” çox zəif görsənirdi. Fikrimcə, bu dəfə “İnter” qalib gələcək”.
Rüfət Nadirli (“Sportarena.az”ın rəhbəri): “Mən bu barədə qısa danışacam. Çünki bu klubların nəvaxta kimi qardaşlığı davam edəcəksə, özümüzü yormağa da ehtiyac yoxdur. Amma bu iki kluba insaf versin ki, bir dəfə də azarkeş üçün oynasınlar, özləri üçün deyil”.
Rövşən Əhlimanoğlu (“Futbolinfo.az”ın əməkdaşı): "İnter" – "Simurq" qarşılaşması maraqla izlənilən oyunlar sırasında olacaq. Buna səbəb komandalaran "qardaşlıq" münasibətləridi. Lakin cari mövsümdə artıq bir dəfə qarşılaşan cütlük qardaşlığa son qoyduqlarını nümayiş etdirmək istəyib. Buna baxmayaraq, yenə də komandaların nə qədər ədalətli oyun göstərəcəyi mənim üçün maraqlıdı. İnanıram ki, sonda sevinən gürcü mütəxəssislər yox, Azərbaycan futbolu olar”.
RÖYA KƏRİMLİ





