Bu gün Topaz Premyer Liqasının 13-cü turunun növbəti oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Şüvəlanda baş tutacaq. Öncə AZAL "Qarabağ"la münasibətlərinə aydınlıq gətirəcək. Hələ də futbolçu çatışmazlığından əziyyət çəkən "təyyarəçilər" bu dəfə "köhlən atlar"ı xalsız qoymağa çalışacaq. Cütlüyün ilk qarşılaşmasında Vaqif Sadıqovun yetirmələri Qurban Qurbanovun komandasını minimal hesabla məğlub etmişdi. Turnir cədvəlinin hazırkı lideri "Qarabağ"ın çempionluğa iddialı olduğunu nəzərə alsaq, Şüvəlanda maraqlı oyunun keçəcəyini demək olar. Onu da qeyd edək ki, Ağdam təmsilçisi 27 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıbsa, AZAL 16 xalla 6-cı pillədə məskən salıb.
Günün növbəti matçı isə "Şəfa" stadionunda oynanılacaq. Bu oyunda isə "qardaş" komandalar hesab olunan "İnter"lə "Simurq" üz-üzə gələcək. Oyunun ilk öncə Zaqatalada keçirilməsinə qərar verilsə də, UEFA nümayəndələrinin Zaqatala şəhər stadionuna baxış keçirməməsi və rəsmi icazə verməməsi bu qərarın dəyişməsinə səbəb olub. Komandaların ilk qarşılaşmasında qapılara 3 top vurulub ki, bu qollardan ikisini Georgi Çixradzenin yetirmələri vurub. Komandalar hər nə qədər "qardaş" olduğunu sübut etmək istəsə də, bu günkü oyunda qohumluğun ortaya çıxması gözlənilir. "İnter" hazırda 16 xalla 5-ci, "Simurq" isə 14 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 13-cü turun ilk oyun günündə "Rəvan"la "Sumqayıt" qarşılaşıb və tərəflər 1:1 hesablı heç-heçəyə razılaşıblar.
Topaz Premyer Liqası
13-cü tur
9 noyabr (şənbə)
16:00. AZAL – Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. "AZAL Arena".
17:00. İnter – Simurq
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “Şəfa” stadionu.
Turun qalan iki oyunu sabah baş tutacaq: 17:00. Xəzər Lənkəran – Qəbələ, 18:00. Neftçi – Bakı.
| 1 | Qarabağ | 12 | 8 | 3 | 1 | 24 | 7 | +17 | 27 |
| 2 | Neftçi | 12 | 7 | 4 | 1 | 18 | 8 | +10 | 25 |
| 3 | Qəbələ | 12 | 7 | 1 | 4 | 20 | 13 | +7 | 22 |
| 4 | Bakı | 12 | 5 | 3 | 4 | 21 | 14 | +7 | 18 |
| 5 | İnter | 12 | 5 | 1 | 6 | 21 | 18 | +3 | 16 |
| 6 | AZAL | 12 | 4 | 4 | 4 | 11 | 15 | –4 | 16 |
| 7 | Simurq | 12 | 3 | 5 | 4 | 11 | 12 | –1 | 14 |
| 8 | XL | 12 | 3 | 4 | 5 | 10 | 17 | –7 | 13 |
| 9 | Rəvan | 13 | 1 | 5 | 7 | 8 | 25 | –17 | 8 |
| 10 | Sumqayıt | 13 | 1 | 4 | 8 | 6 | 21 | –15 | 7 |
Bombardirlər:
6 – Əfran İsmayılov (Bakı).
5 – Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ).
4 – Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Leonardo da Silva (Qəbələ).





