“Qarabağ”a yeni rəqib gəlir. Gələcəkdə Ağdam derbisinin iştirakçısı, bəlkə də qalibi olmaq ümidiylə yeni yaradılan klub “Şəfəq” haqda onun təsisçisi və baş məşqçisi Elçin Nuri danışır.
 
– “Şəfəq” komandası nə vaxt və kimin təşəbbüsü ilə yaradılıb?
– Ağdamda “Şəfəq” adlı klub ilk dəfə 1951-ci ildə yaradılıb. Səhv etmirəmsə, bu ad iki dəfə dəyişib. 1987-ci ildən isə ad “Qarabağ” oldu. Yenidən bu adda klub yaratmaq ideyası mənə məxsusdu. Belə qərara gəldik ki, Ağdamı təmsil edən ikinci komandanı yaradaq. Sentyabrın 20-də bu barədə qərarqəbul olunub. Artıq sənədlər tam hazırdı.
– Hansı liqada çıxış edəcəksiz?
– İlk mövsümdə həvəskarlar liqasında çıxış edəcəyik. Qeyd etmək istərdim ki, həvəskarlar liqası heç də 1-ci diviziondan geri qalmır. Burada da oyunlar çox maraqlı keçir. Ölkə çempionatında elə oyunlar olur ki, tribunalar boş qalır. Ancaq bu liqanın oyunlarına daha çox azarkeş gəlir. Bu da futbolçulara böyük ruh verir.
– Komandanın növbəti mövsümdən 1-ci divizionda iştirakı gözlənilir. Bu xəbər nə dərəcədə doğrudu?
– Bəli, belə bir planımız var. Hələlik həvəskarlar liqasındakı oyunlarımızı Buzovna qəsəbəsindəki “Xəzri” stadionunda keçirəcəyik. Növbəti mövsümdən isə 1-ci divizionda mübarizə aparmaq istəyimiz var. Bu işə ciddi yanaşırıq. Əgər bu diviziona çıxsaq, ev oyunlarımızı Quzanlı Olimpiya stadionunda oynamaq fikrindəyik.
– Maddi dəstəyiniz varmı?
– Əlbəttə, var. Səfər oyunlarına getmək, ev oyunlarımızı keçirmək üçün stadionla müqavilə bağlamışıq. Bunların hamısı üçün maddi dəstək göstərən qardaşlarımız var. Sağ olsunlar. Onlar da istəyirlər ki, komanda yaşasın.
– Çox klubların nəzdində olan başqa komandalar var. Siz də  istərdizmi “Qarabağ”ın nəzdində olasız?
– Düzdü, bizdə belə komandalar var. Niyə biz də olmayaq?! Təklif gəlsə, məmnuniyyətlə razılaşarıq. Bizdə əsasən gənc futbolçular oyanayacaq. Bu da onlar üçün futbolçu yetişdirmək baxımından yaxşı olar. 20 yaşlı futbolçumuz var, Elmin Əlizadə. Çox istedadlıdı. Onu yolladıq “Kəpəz”ə. Artıq 1 illik müqavilə imzalanıb. Fikrimcə, tam “Qarabağ”da oynamağa layiq futbolçudu.
– Siz özünüz də gəncsiz, niyə futbolçu karyeranızı tez bitirib məşqçiliyə keçdiz?
– 10 yaşımdan futbol oynayıram. Bir çox komandalarda oynamışam. Ancaq bəxt məndən üz döndərdi, ciddi zədə aldım. Ona görə də futbolu atmaq məcburiyyətində qaldım. Bir vaxtlar mənimlə birgə məşq edən uşaqlar bu gün Premyer Liqa komandalarında oynayırlar. Hərdən görüşəndə keçmiş günləri yada salırıq. Artıq 27 yaşım var. Məşqçiliyi çox sevirəm. Bir çox dünyaca məşhur məşçilər var ki, futbolu tez atıb məşçiliyə başlayıblar. Məsələn, Rafael Benites…
– Kateqoriyanız var?
– Yoxdu. Kursa bu yaxınlarda dəvət aldım, gedib oxumaq alınmadı. Ancaq kateqoriya almaq fikrim var. Hazırda komandaya başım qarışıb deyə, vaxt yoxdu.
– Az öncə qeyd etdiniz ki, “Qarabağ”dan maliyyələşmək istərdiz. Olmazmı ki, rəqib olasız?!
– Əlbəttə. Bizim istəyimiz odu ki, rəqib olaq və azarkeşlərə Ağdam derbisi yaşadaq. Amma biz “Qarabağ”ı da sevirik. Çünki bizim doğma Ağdamımızı təmsil edir.
 
RÖYA söhbətləşib
Futbolinfo.az
Shares: