“Xəzər Lənkəran”ın məşqçisi Aleksis Plazanın futbolinfo.az saytına müsahibəsi
 
– Əvvəlcə, Azərbaycan haqda fikirlərinizi bilmək istərdik…
– Azərbaycan haqqında ən xoş sözləri deyə bilərəm. Xüsusilə də Lənkəran çox gözəldi. İnsanları çox mehriban və qayğıkeşdilər. Biz “Xəzər Lənkəran”da işləməyə gələndən özümüzə qarşı həmişə səmimiyyət görmüşük. Burada azarkeşlər və insanlar möhtəşəmdilər.
 
– Azərbaycan futbolu və çempionatı sizcə, hansı səviyyədədi?
– Azərbaycan çempionatı xarici çempionatlara nisbətən daha cəlbedicidi. Bu səviyyə daha da artacaq. Ancaq bəzi şeylər inkişaf etməlidi. Məsələn, meydançaların vəziyyəti, hakimlərin səviyyəsi və yerli futbolçuların qayda bilikləri.
 
– “Xəzər Lənkəran”da işləmək asandı? Ümumiyyətlə, bu klub haqda fikirləriniz necədi?
– Burada futbol üçün hər bir şərait yaradılıb. Yaxşı stadion, təlim-məşq meydançaları, baza var. Bu da futbolun inkişafında əsas rol oynayır. Ola bilsin ki, bu mövsüm biraz çətinliklərlə üzləşirik. Ancaq çempionat uzundu. Komanda yenidən avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparır.
 
– Sizin üçün yad biri olmayan Toşak barədə nə deyə bilərsiz?
– O, mənim doğma atam olmasa da, 18 ildi anamla münasibəti var və mən onu vicdanlı biri kimi tanıyıram. İşə gəlincə, ilk dəfədi Conla bir yerdə işləyirəm. Onunla işləməkdən çox məmnunam. Həyatda olduğu kimi, işdə də çox vicdanlıdı. Ondan çox şey öyrənirik. Toşak bu günə kimi heç vaxt öz uğurlarından razı qalmayıb. Məşqçiliklə yanaşı, bizə yaxşı futbol oynamağı öyrədib. 6 ay ərzində kubokun finalına vəsiqə qazanmaq, Super Kubokun qalibi olmaq asan deyil.
        
– Ancaq “Xəzər Lənkəran”ın çempionatdakı uğursuz çıxışı azarkeşlərin onu istefaya səsləməsi ilə müşaiyət olunur…
– Futbolda planlı şəkildə iş qurmaq lazımdı. “Qarabağ” 6 ildi eyni məşqçinin rəhbərliyi altında oynayır. Bu neçə ildə cəmi bir dəfə kubok qazanıblar. Amma Qurban Qurbanova yetərincə şans, zaman verilib. Biz də “Xəzər Lənkəran”a gələndə bilirdik ki, bu komandada vəziyyət yaxşı deyil. Biz komandanı 1-ci Diviziona düşməkdən xilas edib, kubokun finalına kimi apardıq. 2 həftə əvvəl isə Super Kuboku qazandıq. Çempionat 36  turdan ibarətdi. Mənə elə gəlir ki Con Toşak və onun briqadasını uğursuz adlandırmaqda hələ tələsirlər.
 
– Son oyunlarda, xüsusilə də “Neftçi”yə böyükhesablı məğlubiyyətdən sonra Toşakın artıq komandadan göndəriləcəyi deyilir…
– Bunlar hamısı boş söhbətlərdi. Bizim burada hələ planlarımız var. “Xəzər Lənkəran”ın uğurlu gələcəyini inanırıq və bunun üçün çalışırıq.
RÖYA KƏRİMLİ
Shares: