Bu gün futbol üzrə Azərbaycan milli komandasının İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda mətbuat və azarkeşlər üçün açıq məşqi keçirilib. Futbolinfo.az xəbər verir ki, millinin hazırlıq prosesi təxminən 1 saat 15 dəqiqə çəkib.
Məşqin əvvəlində futbolçular bir neçə qrupa bölünərək "kvadrat" oynayıblar. Daha sonra Vaqif Cavadov, Rasim Ramaldanov və Pərdis Fərcad-Azad qapıçılarla birgə cinah asmaları və standart vəziyyətlər üzərində işləyiblər. Ardından meydanın mərkəzində üç qapılı futbol təşkil olunub. Sonda yüngül isinmə hərəkətləri ilə məşqə yekun vurulub.
Millimizin düşərgəsində kapitan Rəşad Sadıqov, yarımmüdafiəçi Əfran İsmayılov zədə səbəbindən yer almasa da, bütövlükdə şən əhval-ruhiyyənin olması diqqət çəkib. Berti Foqtsun komandasının hazırlıq prosesini AFFA-nın baş katibi Elxan Məmmədov da izləyib.





