Futbol üzrə Azərbaycan millisinin və "İnter"in hücumçusu Vaqif Cavadov yığmanın mətbuat üçün baş tutan açıq məşqində jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
– İlin son iki oyununa çıxacaqsınız. Estoniya və Qırğızıstanla oyunlardan hansı nəticəni gözləyirsiz?
– Şimali İrlandiya və Rusiya ilə görüşlərdə pis nəticə qazanmadıq. İstəyirik ki, 2013-cü ili yaxşı əhval-ruhiyyə ilə başa vuraq. Bu dəfə yoldaşlıq oyunları olsa da, inanıram ki, Azərbaycana qələbələrlə dönəcəyik.
– Baş məşqçi Berti Foqtsun artıq millimizlə müqaviləsi başa çatır. Onun komandada qalmasını istərdiz?
– Bu haqda çox müzakirələr gedir. Berti Foqtsun qalıb-qalmamasını biz futbolçular müəyyənləşdirmirik. Mənə elə gəlir ki, başqa əcnəbi məşqçinin gəlməsindənsə, onun qalması daha yaxşı olar. Qərarı AFFA rəhbərliyi verəcək. İnanıram ki, düzgün qərar qəbul olunacaq. Biz futbolçular istəyirik ki, ən düzgün seçim aparılsın.
– Estoniya öz meydanında güclü rəqibləri büdrədə bilir. Siz bu rəqib qarşı hansı taktika ilə oynayasınız?
– Hansı taktika ilə çıxış edəcəyimizi bilmirəm. Çünki bu, oyundan bir gün öncə bilinəcək. Estoniya millisi seçmə mərhələdə zəif çıxış etsə də, mübarizə aparmağı sevən yaxşı komandadı.





