Futbol üzrə Azərbaycan millisinin Estoniya və Qırğızıstanla oyun öncəsi açıq məşqini izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da vardı. Futbolinfo.az xəbər verir ki, məşq zamanı futbolçularla yanaşı Məmmədov da jurnalistlərin suallarını cavablandırdı:
– Millimizin Estoniya və Qırğızıstana qarşı oyunlarından hansı nəticəni gözləyirsiz?
– Bu komandalarla 6 ay öncə danışıqlara başlamışdıq. Əvvəlcə səfərdə Estoniya, sonra isə Qırğızıstanla qarşılaşacağıq. Bu oyunlar FİFA-nın yoxlama oyunları üçün ayırdığı pəncərədə keçiriləcək deyə, hər iki komanda ilə görüş reytinq siyahısına düşəcək. Artıq rəsmi oyunlarımız da başa çatıb. Bir də 10 aydan sonra rəsmi oyunlarımız olacaq. Bu matçlarda qələbə qazanaraq, 2013-cü ilə major notlarla yekun vurmaq istərdik.
– Artıq Berti Foqtsun müqaviləsinin müddəti ilin sonunda bitəcək. Onun gedib-getməyəcəyi ilə bağlı qərar nə vaxt açıqlanacaq?
– Bəli, Foqtsun müqaviləsi bu ilin sonunda başa çatacaq. Dekabrın sonlarında AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. Onun qalıb-qalmayacağı ilə bağlı qərar o iclasdan sonra açıqlanacaq.
– Namizədlər varmı?
– Hələ namizədlər haqda söhbət olmayıb. Öncə təhlil aparılacaq, sonra qərar veriləcək. Foqtsla bağlı qərar verildikdən sonra digər məsələlərə baxacağıq.
– Ancaq Fotqs Almaniya mətbuatına açıqlamasında Azərbaycanda qalmaq istəmədiyini demişdi…
– O, bizə belə bir fikir bildirməyib. Heç kimi ölkəmizdə işləməyə məcbur etmirik. Onunla müqaviləmiz var. Son 5 ildə birgə işləmişik və müqavilə şərtlərinə qarşılıqlı şəkildə hörmət etmişik.
– Estoniya və Qırğızıstanla oyunların nəticəsinin Foqtsun gedib-getməməsinə təsiri ola bilər?
– Bunu demək çətindi. Əsas rəsmi oyunlardı. Qarşıda isə rəsmi oyun yox, yoldaşlıq oyunları var.
– Fevral ayında Dubay toplanışının olub-olmayacağı baş məşqçinin kimliyi məlum olduqdan sonra bilinəcək?
– Bəli. Əvvəlcə baş məşqçi məsələsi həll olunmalıdı.
– Qırğızıstan zəif komandalardan biridi. Bu komanda üzərində qələbə Berti Foqtsun Azərbaycanda qalmasına səbəb ola bilərmi?
– Bu fikirlə razı deyiləm. Qırğızıstan millisi haqda belə deməzdim. Bildiyinzi kimi, FİFA-nın 209 üzvü var və biz hər rəqibə hörmətlə yanaşırıq. Zəif-güclü söhbəti düzgün deyil. Həm bu oyunlarda gənc futbolçulara şans veriləcək, onları yoxlamağa çalışacağıq.
– Foqts postundan gedəcəksə, gəncləri niyə milliyə çağırır?
– Bu oyunları Foqts üçün yox, yığmamız üçün təşkil edirik. Əvvəlki illərdə komandanın baş məşqçisi olmayanda, köməkçi məşqçi olanda belə yoldaşlıq oyunları keçirirdik. Millinin futbolçuları gündə bir yerə yığışmır ki. İldə 5 dəfə 3-5 günlük bir yerə yığılırlar. FİFA yoldaşlıq oyunları üçün pəncərəni açıb ki, millinin üzvlərir bir yerə toplaşsın, məşq keçsin, oyunlar olsun.
– “Bakcell Arena"nın ot örtüyü bərbad vəziyyətə düşüb. Sizcə, bu stadion da təmirə bağlanacaq?
– Stadiona çox yüklənmə oldu. Bir müddət “Qarabağ” da oyunlarını bu arenada keçirirdi. Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü də bir az istirahət etməli idi. Ona görə, biz risk edib “Bakcell Arena”da oyunların keçirilməsinə icazə verdik. Dekabrın ortalarına qədər stadionun vəziyyəti tam qaydasına salınacaq.





