"Bakı"nın baş məşqçisi Milinko Pantiç hər dəfə oyundan sonra maraqlı açıqlamaları ilə yadda qalır. Klub prezidenti Hafiz Məmmədova söz verdiyi üçün bir daha yeri gəldi-gəlmədi hakimlərdən danışmayacağını vəd edən serb çalışdırıcı “Neftçi”yə uduzduqları (1:2) oyundan sonra növbəti gülməli açıqlamasını verib.
Özünün məşqçi bacarığı sual altında olan, “Bakı”ya “Atletiko”yla əməkdaşlıq müqaviləsinin “töhfə”si olaraq gəlib düşən Milinko bu dəfə də Azərbaycan futbolunu qaldıracağını deyib: "Mən bura futbolçu səhvlərini müzakirə etmək üçün yox, ölkə futbolunu qaldırmaq üçün gəlmişəm”.
12 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşan "Bakı"nın baş məşqçisinin bu sözlərini isə yerli mütəxəssislər birmənalı qarşılamır. Serb mütəxəssisin Azərbaycan futbolunu necə qaldıracağını Futbolinfo.az üçün bir neçə yerli mütəxəssis dəyərləndirdi. Düzdü, bu haqda fikir bildirmək istəməyən məşqçilərimiz olsa da, öz mövqeyini ortaya qoyanlar da tapıldı.
Elxan Abdullayev: "Mən Pantiç adlı məşqçi tanımıram. Bilmirəm necə bir məşqçidi. Amma "Bakı" rəhbərliyi onu gətiribsə, deməli, nəsə bilir. Bu tezliklə nəticə əldə etmək olmaz. Ona vaxt vermək lazımdı. Müəyyən bir müddətdən sonra hansısa nəticəni tələb etmək olar".
Emin Quliyev: "Pantiçin Azərbaycan futbolunu qaldırması haqda heç nə deyə bilmərəm. Əvvəlcə çalışsın "Bakı"nı qaldırsın, ondan sonra Azərbaycan futbolunu qaldırar".
Şahin Diniyev: "Həmkarım haqda nəsə demək çox çətin olar. Ona görə də mən bu fikrə münsaibət bildirmək istəmirəm".
Aqil Məmmədov: "Ümumiyyətlə, gəlmə məşqçilər Azərbaycan futbolu haqda qəribə fikirlər səsləndirirlər. Pantiç öz komandasından – "Bakı"dan danışa bilər. "Bakı"nı qaldırmaq haqda, çempion etmək haqda fikir bildirə bilər. Azərbaycan futbolu onlar düşündüyü kimi aşağı səviyyədə deyil ki, Pantiç də onu qaldırsın".
Yunis Hüseynov: "Deyir Azərbaycan futbolunu qaldırmağa gəlmişəm? Nə deyim, bu haqda çox danışmaq istəmirəm, qaldırsın da. Görək necə qaldırır".
Görünür, yerli mütəxəssislər Milinkonun bu işi görə biləcəyinə inanmır. Əslində isə söhbət kimin inanınıb-inanmadığında yox, Pantiçin doğurdan futbolumuzu qaldırıb-qaldırmayacağından gedir. Bizə qalan isə gözləməkdi. Necə deyərlər, "səbr edən dərviş, muradına ermiş".
RÖVŞƏN ƏHLİMANOĞLU





