Ötən həftə "Barselona" çıxdığı oyunları qələbə ilə başa vursa da, komanda üçün cansıxıcı bir həftə idi. Katalonların superulduzu Lionel Messi ağır zədə almış və futbolçunun 2013-cü ili bağladığı açıqlanmışdı. Bütün idman xəbər portalları Leonun bu xəbəri aldıqdan sonra göz yaşlarına hakim ola bilmədiyi səhnəni canlandırırdı. Bəli, yəqin ki, bu hal bir futbolçunun karyerasında yaşamaq istəmədiyi anlardan biri olmalıdı. Halbuki, Messi olduqca çətin keçən günlərin ardınca məhz ötən həftə 366 dəqiqəlik qol orucunu "Milan" qarşısında açmışdı. Argentinalı Çempionlar Liqasında dubl etməklə onu tənqid edənlərə "hələ mən varam" mesajını göndərmişdi.
La Liqada qolsuz keçən 4 matçın ardınca belə bir qarşılaşmada iki qol vurmaq "Messimanlar"ı çox həyəcanlandırmışdı. Leo ÇL-də bir komandaya qarşı 8 qol vuran ilk futbolçu olaraq tarixə keçməklə yanaşı, ardıcıl olaraq 7 ÇL mövsümündə 5 və daha artıq qol vuran ilk oyunçu olmağı bacardı. Amma bəd xəbər həftəsonu "Betis"lə oyunda alındı. Messi 21-ci dəqiqədə zədələnərək meydanı tərk etdi. Əvvəlcə zədəsinin ciddi olmadığı iddia olunsa da, müayinələr "Barsa" azarkeşlərini çox üzmüşdü. Messi 6-8 həftə arası müalicə almalı, daha sonra futbola qayıtmalı idi. Bu isə "Qızıl Top" mükafatına namizəd olan bir oyunçu üçün çox pis xəbər idi. Messi qalan 2 ayda forma geyərək rəqiblərini qabaqlamağı düşünürdü. Lakin bu andan sonra onun "Qızıl Top"u 5-ci dəfə qazanma ehtimalı çox aşağı enmiş oldu. Belə ki, indi əsas yarış Kriştianu Ronaldo və Frank Riberi arasında gedəcək.
Lionelin 6-8 həftə futboldan uzaq qalması "Barselona"nı alternativ həll yönlərinə istiqamətləndirir. Artıq "Barsa"nın mövsümün əvvəlindən bəri qorxduğu şey başına gəldi. Messisiz 8 həftə katalonlar üçün çətin keçəcək. Ötən mövsümün sonlarından bəri formasını itirən Leo il ərzində 5-ci dəfə zədələnməklə ağıllarda böyük bir sual yaratdı: "Görəsən Messi xroniki zədəliyə çevrilib?". Başqa planetdən gəldiyi düşünülən Messinin də artıq digər oyunçular kimi problemlər yaşaya biləcəyi görüldü.
Bu il Messi üçün uğursuz ildi. Karyerasının ən uğursuz ilini yaşayan futbolçunun 2013-cü ildə yaşadığı zədələri:
2 Aprel: "Barselona"nın səfərdə 2:2 bərabərə qaldığı PSJ ilə matçın 2-ci hissəsi başlamazdan əvvəl oyundan çıxdı və 5 gün yaşıl meydanlardan uzaq qaldı.
12 May: "Atletiko" ilə görüşdən əvvəl zədələndi və 3 həftə müalicə aldı.
13 Avqust: İspaniya superkuboku çərçivəsində keçirilən oyunda aldığı zədə səbəbi ilə 4 gün komanda ilə məşqlərə çıxa bilmədi.
28 Sentyabr: La Liqda 21-ci dəqiqədə "Almeriya"ya qol vurdu. Lakin 29-cu dəqiqədə ehtiyat məqsədilə oyundan çıxdı və 2 həftə yaşıl meydanlardan uzaq qaldı.
11 Noyabr: "Betis"lə qarşılaşmanın 21-ci dəqiqəsində zədələnərək meydanı tərk etdi. Müayinədən sonra onun 6-7 həftə futboldan uzaq qalacağı açıqlandı.
"Betis"lə qarşılaşma zamanı Messi cari mövsümdə üçüncü dəfə zədələnirdi. Onun meydanlara qayıdacağı vaxtı da hesablasaq, Leo 2013-cü ilin düz 3 ayını zədəli şəkildə keçirmiş olacaq. Apreldə ÇL-də PSJ ilə matçda zədələnməsindən bu yana heç cür formasını qaytara bilməyən Leo getdikcə problemlərin də böyüməsinə səbəb oldu. Statistika göstərir ki, argentinalı 2013/14 mövsümündə La Liqa matçlarının 70 faizindən də azında forma geyə bilib. Amma katalonlar onun olmadığı matçlarda belə, meydanı məğlub tərk etməyib. Bu nəyi göstərir? Deməli "Barselona" Messisiz də qalib gəlməyi bacarır. Çünki buna məcburdular. Lionelin oynamadığı matçlarda Xerardo Martino Neymar, Aleksis Sançes və Sesk Fabreqas kimi futbolçularla nəticəyə gedə bilir. Amma ötən mövsüm Tito Vilanova bunu bacara bilmirdi. Bu hal digər tərəfdən də onu göstərir ki, Neymarın transferi katalonlar üçün həqiqətən də böyük addım idi. "Sambaçı" Messinin yoxluğunda əsas heyətin açar oyunçusuna çevrilib. Martino ötən mövsümün ən çox tənqid edilən simalarından olan Sançesdən sağ cinahda səmərə götürməyi bacardı.
"Barselona"nın ilin sonuna kimi Aleksis, Neymar və Fabreqasdan ibarət hücum xəttindən istifadə edəcəyi görünür. "Betis"lə matçda zədələndikdən sonra Messini əvəzləyən Fabreqas, dubl etməklə yanaşı, bir məhsuldar ötürmə ilə də yadda qaldı. Bu isə onu göstərir ki, Lionel qayıdana kimi bu oyunçular "Barsa"nın qol yükünü qaldıra bilər. Əgər Fabreqas problem yaşamasa, Messinin tamamilə sağalması üçün katalonlar kifayət qədər vaxt qazanmış olacaq. Çünki Messi daha əvvəl də eyni zədədən əziyyət çəkmiş və tam sağalmadan oynadıldığı üçün zədəsini daha da ağırlaşdırmışdı. Yanvara kimi "Barselona"nın La Liqada "Real", "Atletiko" və ya ÇL-də qazanmaq məcburiyyətində olduğu çətin matçı yoxdu. "Barsa" bu müddətdə Messinin yoxluğunu hiss etdirmədən problemi həll etməyi bacara bilər. Ən azından bunu bacarmaq üçün heyətdə kifayət qədər potensiallı futbolçu var. Nəticə etibarilə də Messi tamamilə yaxşılaşıb meydana qayıdanda komandasına ikiqat güc qatmış olacaq.
AMİN





