"Bakı" “Lans”la elə qardaşlaşıb ki, hətta onların qələbələrini də öz qələbələri, məğlubiyyətlərini öz məğlubiyyənləri bilir. Elə olmasaydı dünən biabırçı ssenariylə izlənən bir xəbərlə rastlasmazdıq.
Belə ki, "Bakı"nın U-15 komandası artıq Fransanın Lans şəhərindədi. Futbolinfo.az xəbər verir ki, Lansda yağışlı hava olmasına rəğmən, komanda dünən səhər saatlarında ilk məşqini keçirib. Üstəlik, “sarı-qırmızılar”ın məşqçisi Jan Pyer Lurisella qapıçılarla ayrıca hazırlıq keçib. Axşam isə “Bakı” “Lans”dan olan həmyaşıdları ilə yoxlama görüşü keçirib.
Klubun rəsmi saytı öncə komandamızın qarşılaşmadan qələbə ilə ayrıldığını xəbər versə də, sonradan məğlub olduğunu yazdı. Ən maraqlı məqamlardan biri də bu görüşün hansı hesabla bitdiyinə dair məlumatın verilməməsiydi. Nəhayət, günün ikinci yarısında “qara xəbər”i dəqiqləsdirdik.
Məlum oldu ki, “Bakı”nın yetirmələri “Disney Land”ə gəzintiyə çıxmazdan öncə daha gözəl əyləncənin iştirakçısı olub. Onlara yaşları qədər qol vurublar. “Bakı”nın rəsmi saytı gizlətsə də, klubdan öyrəndik ki, Hafiz Məmmədovun 2 komandasından biri – fransızlar bizimkiləri 15:0 hesabıyla yenib. “Bakı”da isə bunu həm də öz qələbələri kimi qeyd etdiklərindən xəbəri ilk olaraq “qələbə qazandıq” başlığıyla veriblər. Anlayış göstərək: axı, udan da Məmmədovun, uduzan da Məmmədovun komandasıdı.
Onu da qeyd edək ki, bu komandalar bundan sonra daha 3 yoldaşlıq görüşü keçirəcəklər.
KƏMALƏ İSMAYILOVA





