Dünyanın iki nəhəng yığması ilə həlledici matçlar ərəfəsində Berti Foqts zədəlilərin yerini Premyer Liqanın iddialı klublarından biri “Sumqayıt”ın aparıcı üzvləri – Vurğun Hüseynov və Pərdis Fərcad-Azadla doldurdu. O Vurğun Hüseynov ki, 8 il əvvəl onunla guya “Qalatasaray”ın maraqlandığı barədə tovuzlu azarkeşlərin cibi kimi boş xəbərlər yayılmışdı. O Vurğun Hüseynov ki, “Xəzər Lənkəran”a gözqaraldan məvacib qarşılığında keçidi alınmayanda Tovuz – Qəbələ qalaqurmalarından sonra hüzuru “Sumqayıt”da tapmağa çalışdı. O Vurğun Hüseynov ki, doğru-düzgün futbol oynamır, oynayanda da qırmızı vərəqə alır.
 
Bəs Azad? Daha doğrusu, Fərcad-Azad? 2011-ci ilin yanvarında AZAL-la birgə Antalyada təlim-məşq toplanışında olarkən axşam məşqlərindən sonra zamanı otelin barında birgə keçirdiyimiz forvard. Ozamanlar “Berliner” adlı həvəskar klubun futbolçusu idi, saç düzümü, oyun  nömrəsi və hərəkətləri ilə özünə Kriştianu Ronaldonu kumir seçdiyi aydın görünürdü, AZAL-la yoxlama matçında qol da vurmuşdu. İran əsilli almaniyalı kimi tanımışdıq. Heç Azərbaycan klubu ilə oynayır deyə, azərbaycanlıyıq, Azərbaycan dilində danışırıq (yeri gəlmişkən, o vaxt azərbaycanca danışa bilmirdi; heç onun əslən cənubi azərbaycanlı olduğunu da özü və komanda yoldaşları daxil bizə heç kəs deməmişdi) deyə xoşbəxtlikdən uça biləcək tərz sezməmişdim onda o vaxt. Amma indi yəqin xoşbəxtdir azərbaycanlı olduğu üçün. Milli komanda… Təcrübə, pul, şöhrət qazanmaq imkanı…
 
Almaniyada qalsaydı, çətin ki, 5-ci liqadan yuxarı qalxardı. Elə Ufuk Budak kimi, Cihan Özkara kimi, Əli Gökdəmir kimi…
 
İndi də Taşkın İltər. Sosial şəbəkələrdə həmkarlarımız tərəfindən təriflənən (şəxsən mənim də U-21-in Norveçlə səfər matçında bəyəndiyim), nəhayət, geniş müsahibə verən, amma burada Azərbaycanla bağlılığı barədə bir cümlə belə deməyən futbolçu. Onumu qınayaq, ya əziyyət çəkib müsahibə hazırlayan, lakin “ay Taşkın, sən hara, Azərbaycan hara” sualını verməyən jurnalistimi?..
 
HAŞİYƏ. Gürcüstandan gələn həmyerlilərimiz burada, ata-babalarının tarixi vətənlərinə yaşamaq, işləmək və oturum almaq üçün onlarla sənəd hazırlayır, saysız-hesabsız bürokratik əngəllərlə qarşılaşır, dəfələrlə müvafiq idarələrə girib-çıxırlar, amma ən yaxşı halda, müvəqqəti (1 illik) oturum icazəsi alırlar. Bəs bu iltərlər, fərcad-azadlar, özkaralar, budaklar və digərləri Azərbaycanda bir gün belə yaşamadan o qiyməti 160 manat olan pasportu necə əldə eləyir, görəsən?
 
…Milli ciddi cəhdlə Estoniya və Qırğızıstan kimi dünya futboluna böyük töhfə vermiş yığmalara qarşı oyunlara hazırlaşır. Müsahibələr, fikirlər, açıqlamalar… Hər kəs Estoniya və Qırğızıstanla matçların önəmindən, qalibiyyətin zəruriliyindən danışır. FİFA reytinqində irəliləmək, azarkeşləri sevindirmək kimi ikinci dərəcəli məsələlər qabardılır.
 
Əsla rəqib seçimini tənqid etmirəm; çünki biz seçən yox, seçilənik. Sadəcə, bir araşdırma apardım; son yarım ildə Estoniya millisinin heyətinə cəlb olunan futbolçular arasında 4 nəfər Azərbaycan klublarında ehtiyatda qalıb, bir nəfər isə ümumiyyətlə, baxışa gəlib və bəyənilməyib. Aşağı-yuxarı məhz bu futbolçulardan qurulan yığma isə iki il əvvəl AÇ-2012-yə yollanmaq üçün İrlandiya ilə pley-off oynayıb. Və bunu ümumxalq bayramına çevirməyib.
 
Amma siz baxın və görün: Tallin və Bişkekdən iki qələbə ilə dönəcək yığma komandaya hansı epitetlər yağacaq, hansı səviyyədə mükafat veriləcək. Mən hətta Foqtsun taleyinin məhz bu matçların nəticəsindən asılı olmasını eşitsəm belə, təəccüblənmərəm. Çünki AZAL – “Qarabağ” oyunun izləyən Foqtsun – zədəli Rəşad Sadıqovun əvəzinə Tural Nərimanovu yox, Vurğun Hüseynovu yığmaya çağıran birinin taleyini elə bu səviyyədə oyunlar həll etməlidi.
Shares: