Peşəkar Futbol Liqasının (PFL) və Topazın keçirdiyi mükafatlandırma tədbirində sentyabr ayının ən yaxşı qolunun müəllifi Əfran İsmayılov olmuşdu. Lakin futbolinfo.az xəbər verir ki, sentyabrın ən yaxşı qolunun müəllifinin məhz Əfran seçilməsi narazılığa səbəb olub.
Məsələ burasındadı ki, İsmayılov həmin qola sentyabrda yox, avqust ayında imza atıb. PFL-in keçirdiyi səsvermədə isə "Bakı"nın futbolçusunun qolu sentyabrın ən yaxşıları arasında yer alıb və birinci yerə sahib çıxıb.
 
Avqust ayında vurulan qolun nəyə görə sentyabr ayının ən yaxşı qolu hesablanmasını dəqiqləşdirmək üçün PFL-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Qurum rəsmisi bunu belə izah etdi:
 
"Bildiyiniz kimi, bu qol Premyer Liqanın 5-ci turunda vurulub ("Bakı" – "Neftçi" – 3:0). Həmin tur da sentyabrın 1-də başa çatırdı. Ona görə də biz belə qərara gəldik ki, Əfranın qolunu da siyahıya əlavə edək. PFL-in saytında 5 futbolçunun adı var idi və bu seçim səsvermə yolu ilə keçirilirdi. Biz Əfranı özümüz birinci etməmişik. Mənə maraqlı olan odu ki, niyə seçim vaxtı buna diqqət edilmirdi, qurumun rəsmi saytında siyahı veriləndə heç kim heç nə demirdi. Məsələnin bu qədər şişirdilməsi mənə çatmır. Əfranı səsvermə yolu ilə xalq seçib, PFL yox. Hələ bir neçə ay bundan öncə mən mətbuata açıqlama vermişdim. Bu barədə də danışmışdım. Məncə, bu məsələnin bu qədər şişirdilməsinə ehtiyac yoxdu. Daha ciddi işlərlə məşğul olmaq lazımdı".
 
Qeyd edək ki, 5 nəfərdən ibarət siyahıda Əfran İsmayılov (2851 səs), Deyvid Sakkoni (1609 səs), Mindauqas Kalonas (196 səs), Cavid Tağıyev (149 səs) və Stepan Polyak (147 səs) yer almışdı.
Shares: