"Sumqayıt"dan ayrıldıqdan sonra özünə klub tapa bilməyən Aftandil Hacıyev karyerasını başa vurmağa qərar verib. Futbolinfo.az xəbər verir ki, milli komandamızın sabiq üzvü futbolçu karyerasını bitirsə də, futboldan birdəfəlik getmir.
Belə ki, Hacıyev B lisenziyalı məşqçi kurslarına qatılıb, imtahan verib. İmtahanın nəticələri isə dekabr ayında açıqlanacaq. Lisenziyaya yiyələnən kimi, keçmiş futbolçu "Qarabağ"ın əvəzedici komandasında məşqçi kimi rəsmi fəaliyyətə başlayacaq.
Məlumat üçün deyək ki, Hacıyev futbolçu karyerasına 32 yaşında son qoyub. Karyerasının böyük hissəsi "Neftçi" və "Qarabağ" klublarına aid olan müdafiəçi "Turan" və "Sumqayıt" klublarının uğurları üçün də çalışıb. Azərbaycan yığmasında 22 oyun keçirən Aftandil öz oyunu ilə hər zaman diqqət mərkəzində olub.





