UEFA futbol üzrə 17 yaşa qədər qızlar arasında 2014-15-ci illər Avropa birinciliyində iştirak edəcək komandaların səbətlər üzrə yerləşməsi haqda məlumat yayıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan üçüncü səbətə düşüb.
Qeyd edək ki, AÇ-2015-in final turniri İslandiyada keçiriləcək. Seçmə mərhələdə 40 komanda mübarizə aparacaq. Təsnifatın ilk mərhələ oyunlarının püşkü noyabrın 20-də Nyonda baş tutacaq. Bu mövsümdə çempionatın final mərhələsi ilk dəfə olaraq 8 komandanın iştirakı ilə yeni formatda keçiriləcək. Xatırladaq ki, əvvəllər bu yaş kateqoriyasının final mərhələsində mübarizəyə 4 komanda qoşulurdu. "Köhnə dünya"nın üç ən güclü təmsilçisi 2014-cü ildə 15 mart-5 aprel aralığında Kosta-Rikada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Dünya çempionatının yazda keçirilməsi Avropa birinciliyinin yayda təşkil olunmasını labüd edir. Gələn mövsüm isə qitə çempionatı standart vaxtda keçiriləcək: payızda seçmə mərhələ oyunları, yazda elit raund, yayda isə final turniri baş tutacaq.
İslandiya ev sahibi qismində final turnirinə birbaşa vəsiqə əldə edib. Ən yaxşı əmsala malik üç yığma – Almaniya, Fransa və İspaniya komandaları təsnifat oyunlarından azaddır. Qalan 40 yığma komanda hərəsində 4 yığma olmaqla 10 qrupa bölünüb.
Püşk zamanı komandaların adı yazılmış kürəciklər əmsallara uyğun olaraq üç səbətə yerləşdiriləcək. Əmsallara görə ən güclü 10 komanda A, B, C səbətlərində müvafiq olaraq yer alacaq. Hər qrupda A və B səbətlərindən bir, C səbətindən isə iki komanda yer alacaq. Növbəti mərhələyə vəsiqə sahiblərini müəyyən etmək üçün iştirakçılardan birinin meydanında 1 avqust-31 oktyabr aralığında mini-turnir keçiriləcək.
Sonrakı mərhələdə 10 qrup qalibi və qrup ikincisi, o cümlədən ən çox xal toplayaraq üçüncü yeri tutmuş komanda (qrupda digər iki yığma qarşı nəticəyə əsasən) növbəti mərhələyə yüksələcək. İslandiya yığmasından başqa final mərhələsində daha 7 komanda mübarizə aparacaq.
Səpələnmə:
A səbəti: Danimarka, İsveçrə, İsveç, Polşa, Belçika, Norveç, Çexiya, İrlandiya, Niderland, İngiltərə;
B səbəti: Finlandiya, Rusiya, Şotlandiya, İtaliya, Avstriya, Serbiya, Macarıstan, Uels, Türkiyə, Sloveniya;
C səbəti: Rumıniya, Bosniya və Herseqovina, Şimali İrlandiya, Belarus, Yunanıstan, Ukrayna, Çernoqoriya, Bolqarıstan, İsrail, Latviya, Farer adaları, Moldova, Estoniya, Litva, Azərbaycan, Slovakiya, Xorvatiya, Qazaxstan, KYR Makedoniya, Portuqaliya.
Elit mərhələyə birbaşa vəsiqə: Almaniya, Fransa, İspaniya;
Final mərhələsinə birbaşa vəsiqə: İslandiya (meydan sahibi).





