Bu il 10 yaşını qeyd edən "Xəzər Lənkəran" azarkeşlərini sevindirə bilmir. Komandada futbolçu islahatlarına, məşqçi dəyişikliyinə baxmayaraq, "ağ-yaşıllar" yenə də uğur üzünə həsrət qalıb. Komandanın sabit çıxış etməməsi cənublu azarkeşlərin də ürəyincə deyil. Artıq azarkeşlər buna etiraz etməyə başlayıb.
Belə ki, Lənkəran azarkeşləri bundan sonra futbolçu və məşqçilərə yox, rəhbərliyə etiraz edərək, onları istefaya çağıracaqlarını bildirib. Azarkeşlərin ilk hədəfi isə klubun vitse-prezidenti Tuyqun Nadirov olacaq. Bu barədə "Xəzər Lənkəran"lılar sosial şəbəkələrdə təbliğata başlayıb.
Azarkeşlərin bu kampaniyası ilə bağlı artıq məlumat vermişik. Amma fan-klubların bu məsələyə münasibəti hər kəsə maraqlıdı. Lakin maraqlı bir məsələ ortaya çıxıb. Belə ki, bəzi azarkeş qrupları bu kampaniyaya qatılsalar da, bəziləri bunun əlehinə olduğunu bildirir.
"Caspian Ultras" fan-klubunun rəhbəri Ramal Novruzov klub prezidentinin qərarlarını dəstəkləyəcəklərini bildirib: "Biz ümumiyətlə bu haqda düşünmürük. Çünki klubun bir sahibi var, o da Mübariz Mənsimovdu. O Mənsimov ki, "Palmali" kimi böyük bir şirkəti idarə edir. Son müsahibələrinin birində şirkətdə 45 min işçinin işlədiyini bildirmişdi. Bu qədər işçini idarə edən bir şəxs 5-6 nəfərlik idarə heyətini idarə edə bilmir ki? Bunu göz önünə gətirərək boş şeylər düşünmürük və Mübariz Mənsimovun qərarlarını sonuna qədər dəstəkləyirik".
"Pirates" fan-klubunun rəhbəri Şahlar Möhsümzadə isə stadionda "istefa" şüarını səsləndirəcəklərini bildirib: "Bu məsələ əvvəllər də vardı. Təxminən 5-6 il bundan əvvəl yaşlı bir azarkeş uca səslə Tuyqunu təhqir etdi. Daha sonra "Yevlaxlısan, burda neynirsən? Sən heç bir lənkəranlı kimi bu komandaya can yandıra bilməzsən" dedi. Əgər Nadirov hüquqşünasdısa, tutulan azarkeşləri azad etmək üçün çalışardı. Azarkeşimiz həbs olunanda o hara baxırdı? Stadionlarda "istefa" qışqırırdıq məşqçini göndərdilər. O qədər belə hallar olub ki… Biz Tuyqunu Nadirovu istəmirik! Ümumiyyətlə, komandada işləməyən, yalnız pulu fikirləşənlər bizdən qorxsun. Yenə də içimdə bir qorxu var. Qorxuram ki, Tuyqun Nadirov bunun qaşısını almaq üçün biletin qiymətini 3 manat etsin ki, azarkeş gəlməsin stadiona. Amma başqa yolu yoxdu…"
“Xəzər Lənkəran”ın aparıci azarkeş birliklərindən olan “Fırtına”, eləcə də digərləri bu məsələ ilə bağlı açıqlama vermək istəmədi. Cənub klubunun vitse-prezidenti Tuyqun Nadirov isə sosial şəbəkələr vasitəsilə başladılan bu kampaniyanı belə dəyərləndirdi: "Bizim bu cür problemimiz yoxdu. Bunlar ciddi məsələlər deyil. Biz rəhbərlik olaraq keçən həftə fan-klub rəhbərləri ilə görüş keçirmişik. Onlar bu cür bir narazıçılıq bildirməyib. Bu söhbətin niyə bu qədər şişirdildiyini başa düşmürəm. Bir nəfər oturub sosial şəbəkədə nəsə yazır, bu o demək deyil ki, bütün azarkeşlər bizə qarşıdı. Bundan başqa, belə bir hal olarsa, azarkeşlərimiz bunu bizə bildirər. Görüşümüz zamanı da fan-klub rəhbərləri sonadək komandanın yanında olacağını bildirib".
RÖVŞƏN ƏHLİMANOĞLU





