Topaz Premyer Liqasının 12-ci turunda "Qarabağ" – "Qəbələ" (4:3) qarşılaşmasında qonaqların şərəfini qoruyan Elnur Allahverdiyevin azarkeşlərə qarşı qeyri-etik hərəkəti cəzasız qalmayıb. Futbolinfo.az xəbər verir ki, müdafiəçi rəhbərlik tərəfindən cəzalandırılıb.
 
Bu haqda saytımıza açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib: "Cəzayla bağlı qərar verilib. Amma oyunçunun özünə elan olunmamış bu məlumatın mətbuata çıxması doğru deyil. Buna görə də Elnur yığmadan qayıtdıqdan sonra bu məsələ ilə bağlı açıqlama veriləcək".
 
Qeyd edək ki, müdafiəçi bundan öncə də "Neftçi", "Qarabağ" və "Xəzər Lənkəran" azarkeşləri ilə də eyni hadisəni yaşamışdı. Amma onun ötən tur Lənkəranda oynamamasının səbəbi heç də cəzalı olması deyil. Mövsüm start götürdükdən sonra “Xəzər Lənkəran”dan qovulan və tez bir zamanda “Qəbələ”də peyda olan Elnurun müqaviləsindəki xüsusi bənd buna imkan verməyib. Belə ki, anlaşmaya görə cənublulardan icarəyə götürülən Allahverdiyev məhz bu komandaya qarşı oynaya bilməz.
Shares: