Türkiyə millisinin baş məşqçisi Fatih Terim yığma komandanın Şimali İrlandiya ilə keçirəcəyi yoldaşlıq oyunu öncəsi mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı burada həm milli barədə, həm də gündəmdəki aktual mövzulardan söhbət açıb. "İmperator" ləqəbli mütəxəssis "Fənərbaxça" – "Qalatasaray" derbisində onun haqqında səsləndirilən şüarlara da münasibət bildirib.
– Yığmanın maestrosu olan Səlcuq İnan bu dəfə heyətdə yoxdu. Onu bilərəkdən çağırmamısız?
– Səlcuq da insandı və istirahətə ehtiyacı var. Bir neçə gün dincəlməsini istədim və buna görə onu heyətə daxil etmədim. Başqa bir səbəbdən söhbət gedə bilməz. Mən gəldiyim gündən bəri onsuz da hər zaman Səlcuqu oynatmışam. Bundan sonra da dəyişmək fikrim yoxdu.
– Nəyə görə federasiya yoldaşlıq oyunu üçün dişimizə uyğun bir rəqib seçmədi?
– Əslində Dubayda Rusiya ilə yoldaşlıq görüşü keçirə bilərdik. Amma noyabrın ortalarında futbolçuları belə bir iqlim dəyişikliyinə aparmaq istəmədik. Məqsədimiz heç bir kluba ziyan verməmək idi. Bundan başqa Kanada Futbol Federasiyası ilə danışıqlar aparırdıq. Amma şərtlərdə razılaşa bilmədik. Bundan sonra çalışacağıq ki, bu cür yoldaşlıq oyunlarının təqvimini uzunmüddətli hazırlayaq.
– Milli komanda təsadüfi hallarda İstanbuldan kənarda oyun keçirir. Bu dəfə nəyə görə məhz Adana?
– Mən 1990-cı ildən bəri Adanada heç vaxt oyun keçirməmişdim. Təbii ki, milli komandanın baş məşqçisi olaraq nəzərdə tuturam. Adana da yığmanın oyunlarını qəbul etməyə layiq olan bir şəhərdi. Biz idarə heyətinin üzvləri olaraq federasiya prezidenti ilə danışmışıq. Bundan sonrakı ev oyunlarımızı əsasən Anadolu əyalətlərində keçirmək istəyirik. Bunu unutmayaq, UEFA və FİFA normalarına uyğun gələn stadionda oynamaq da çox önəmlidi. "Fənərbaxça", "Qalatasaray" və "Beşiktaş"ın yeni stadionu bu baxımdan əlverişlidi. Amma Anadoludakı arenaları da heçə saymaq olmaz. Keçən dəfə ilk səyahətimizə Trabzonda başlamışdıq. İndi isə Ankara, İzmir, Bursa, Mersin kimi şəhərlərdə yeni və standartlara cavab verən arenalar olduğunu bilirik və yığmanı o stadionlarda izləmək arzusundayıq.
– Hollandiya ilə matçdan sonra azarkeşlərin yığmaya qarşı inamının azaldığını düşünürsüz?
– Ölkə bir daha yığma komandanın arxasında olduğunu göstərdi. Hollandiya qarşısında önə keçsək və ya bərabərə qalsaq, o gün azarkeşlərlə bütün olduğumuz daha aydın bilinəcəkdi.
– Sizcə, ölkəni beynəlxalq arenada milli komanda, yoxsa klubların təmsil etməsi daha təsirlidi?
– Millinin matçları bir nöqtədə klublardan üstün tutulmalıdı. Çünki bu komanda hamımızın aid olduğu bir vətəni təmsil edir. Filan komandanın oyunçusu niyə çağırılmadı, bu niyə dəvət edilmədi və s. kimi şeylər çox çiynənmiş şeylərdi. Bizi bir araya gətirmək üçün bəzi səbəblər var. Bu bizim ənənəmizdə, ailə tərbiyəmizdə var. Hamı milli komandanın azarkeşi olmalıdı. Hərənin ayrıca bir "qırmızı-ağ" köynəyi olmalıdı, yığmanın oyunlarına onunla getməlidi. İrlandiyaya gedirik hər yer yaşıldı, Hollandiyaya gedirik hər yer narıncıdı. Bu fakt millinin oyunçuları üçün çox önəmlidi. Klublar gözləntiləri qarşılamasa, yığma da adi bir komanda olar. 40-cı pillədən yuxarı çıxa bilmərik. Biz bu reytinqdə 7-ci pilləni görmüş yığmayıq. Düşünürəm ki, oralara layiqik. Yerimizi hər zaman təkrəqəmli pillələrdə saxlamaq hamımızın istəyidi.
– "Qalatasaray"a qarşı xüsusi simpatiyanız olduğu bəllidi. Bəs azarkeşlərə gələndə necə, dəstəklədiyi klubdan asılı olaraq onlar arasında fərq qoyursuzmu?
– "Qalatasaray" azarkeşləriylə aramda xüsusi bağ var. Onlar qışqıranda insan daha gözəl şeylər etməyə ehtiyac duyur. Təbii ki, bununla hər zaman qürur duyuram. Ancaq hazırda bütün Türkiyə vətəndaşlarının içindəyəm, onlar üçün çalışıram. Biz həmişə birlikdə çox gözəl şeylər bacarmışıq. Ön planda mən görünsəm də, bunları birlikdə edirik. Kiminin duası, kiminin enerjisi, kiminin şüarları, bunlar hamısı işin bir parçasıdı və əhəmiyyətlidi. Baxsaq, 2008-ci ildə Avropa Çempionatında finalın qapısından döndük. Bu işdə məğlub etmək də var, məğlub edilmək də.
– Siz milliyə gələndə Abdulla Avcının yarımçıq qoyduğu işi davam etdirməyə başladız. Başqa sözlə, əsas işiniz bu oyunla başlayır. Bundan sonra yığmada nə kimi yeniliklər görəcəyik?
– Türkiyədə yeni bir quruluş yaranmaqdadı. Ölkə futbolunun lazımı yerlərə daşınması üçün TFF ilə birgə mühüm işlər görəcək bir insan olacam. Hazırda türk futboluna bir istiqamət vermək lazımdı. Hədəflərimiz içində daha böyük bir çərçivə var. Arxa-arxaya gözəl şeylər olacaq. Ona görə yenidənqurmaya gedəcəyik. Hər şeyi yenidən dizayn edəcəyik.
– Yeni oyunçuların çağırılması barədə nə düşünürsüz?
– Mən fikirlərimi ölkəylə, hər kəslə paylaşan biriyəm. Doğru bildiyimi hər kəsə söyləməyə çalışıram. Gələcəkdə milliyə maraqlı simalar dəvət etməyi düşünürəm. Layiq olan bu formanı geyəcək. Biz lazım olan kəslərə təklifimizi etdik, amma bəziləri başqa seçimlər etdi. Bunları açıqlamaq istəyirəm. Bu çox təbiidi, qoy hər kəs hər şeyi bilsin.
– "Fənərbaxça" – "Qalatasaray" derbisində "Fənər" azarkeşlərinin sizin haqqınızda səsləndirdiyi müsbət şüarları eşidəndə nə düşündüz?
– Şərtlər nə olursa olsun, hər kəsin hər şeyi izlədiyi və fikri olduğu mövzular var. Ölkə dəyişir, insanlar dəyişir, hər kəs hər şeyi doğru bildiyi şəkildə ifadə edir. "Şükrü Saracoğlu" stadionunda o şüarları eşidəndə həqiqətən çox çaşdım. Mən artıq ölkənin hər tərəfində hər kəs üçün ayrı bir yerə sahib olduğumu düşünürəm.





