"Sumqayıt"ın uğursuzluğa görə futbolçularının maaşını kəsməsi yeni bir məsələni gündəmə gətirdi. Fubtolinfo.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi komandanın əmək haqqısının 30%-ni ödəməmək qərarına gəlib.
 
Bəs görəsən, Premyer Liqada mübarizə aparan digər klublarda vəziyyət necədi? Elitanın qalan üzvləri də uğursuzluq səbəbindən komandanın maaşını kəsirmi? Hansı səbəblərdən komandanın cəzalandırıldığını klub rəsmiləri bu cür açıqladı:
 
Gündüz Abbaszadə ("Neftçi"nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): "Klubdaxili intizam kodeksi var. O intizam kodeksi bütün futbolçulara, məşçilərə, bir sözlə hər kəsə şamil olunur. Bu kodeksə əməl etməyənlər cəzalandırılır. İntizam kodeksində nələr nəzərdə tutulduğu haqda danışmaq istəmirəm. Bu məsələnin mətbuat səhifəsinə çıxmasının tərəfdarı deyilik və bundan sonra da tərəfdarı olmayacağıq. Bu cəzaların da əsasını pul cəriməsi təşkil edir".
 
Əmrah Çəlikəl ("Qarabağ"ın baş direktoru): "Bizim özümüzə aid bir sistemimiz var. Bütün qərarları baş məşqçi verir. Rəhbərlik baş məşqçinin işinə qarışmır. Hər şey ondan asılıdı. Baş məşqçinin futbolçulara verdiyi cəza və mükafatları dəstəkləyirik".
 
Bəhruz Şirəliyev ("Rəvan"ın vitse-prezidenti): "Bizdə klubdaxili kodekslər var. Bu kodeksə uyğun olaraq müəyyən cəzalar nəzərdə tutulub. Başqa hər hansı bir maddi cərimələr tətbiq etmirik".
 
Georgi Nikolov ("İnter"in prezidenti): "Komandaya xüsusi bir cəza sistemi tətbiq olunmur. Yəni futbolçuların hər hansı bir məbləğdə cəzalandırılmasından söhbət gedə bilməz. Bizim cəzamız yalnız komanda məğlub olduqda mükafat verməməkdən ibarətdi".
 
Yaşar Seyidov ("Bakı"nın icraçı direktoru): "Bizdə baş məşqçinin özü tərəfindən "Bakı" Futbol Klubunun daxili əsasnaməsi tərtib olunub. Həmin əsasnaməyə uyğun olaraq məşqə gecikən, üzrsüz səbəbdən məşqə gəlməyən, məşq zamanı məşqçilərin tapşırığını yerinə yetirməyən futbolçular cəzalandırılır. Pul cəzasına qaldıqda, bu sistem tətbiq olunur. Bu, klubun sirri olduğu üçün ətraflı məlumat verə bilməyəcəm".
 
Tuyqun Nadirov ("Xəzər Lənkəran"ın vitse-prezidenti): "Bizdə oynayan futbolçu komandaya gəldiyi zaman öhdəlik götürür. Bu öhdəlikləri yerinə yetirə bilməsə, klub daxili nizamnaməyə əsasən cəzalandırılır. Bu, daxili məsələ olduğundan ictimaiyyətləşdirmək istəmirik. Biz futbolçunun maaşının kəsilməsinin tərəfdarı deyilik".
 
Eldəniz Yusifov (AZAL-ın mətbuat xidmətinin rəhbəri): "Klubun daxili nizam-intizam kodeksi var. Burda olan bütün maddələr futbolçulara bildirilir və qarşılıqlı razılaşma əldə olunur. Futbolçu bu qaydalardan kənara çıxarsa, təbii ki, cəzalandırılacaq. Uğur əldə edildikdə komandaya pul mükafatı verilirsə, uğursuzluğa görə də cərimə olunur. Bunların hamısı da komanda üzvlərinə əvvəlcədən bildirilib".
 
Səbuhi Səfiyarlı: ("Qəbələ"nin meneceri): "Bizdə klubdaxili intizam kodeksi var. Bütün futbolçular qaydalara uyğun olaraq cəzalandırılır. Turnir cədvəlindəki yerdən asılı olaraq komandaya cəza tətbiq edilmir. Futbolçular meydanda intizam qaydalarına əməl etmədikdə, məşq zamanı bu qaydaları pozduqda, maddi cəza tətbiq olunur".
 
RÖVŞƏN ƏHLİMANOĞLU
 
P.S. "Sumqayıt"dakı vəziyyətlə bağlı başqa yazıda oxuya bilərsiz. "Simurq"dan isə bu məsələ ilə bağlı danışan tapılmadı.
Shares: