"Facebook" sosial şəbəkəsində “Xəzər Lənkəran” azarkeşlərinin növbəti oyunlarda rəhbərliyi istefaya səsləməklə bağlı statusları artıq böyük qalmaqallara səbəb olub. Futbolinfo.az xəbər verir ki, həmin statusları paylaşan şəxslər mətbuata açıqlamalarında Tuyğun Nadirovun onlara hədə-qorxu gəldiyini bildiriblər.
 
Bu şəxslərdən biri də “Pirates” fan klubunun rəhbəri Şahlar Mövsümzadədi. O, ötən gün axşam saatlarında "facebook"da belə bir status yazıb: "Bu gündən etibarən mənim “Xəzər Lənkəran” və “Pirates”lə heç bir bağlılığım, əlaqəm yoxdu. Hamınıza uğurlar".
 
Məsələyə aydınlıq gətirmək üçün Şahlar Mövsümzadənin özü ilə əlaqə saxladıq. O, “Xəzər Lənkəran” və “Pirates”dən imtina etməyinə belə aydınlıq gətirdi:
 
“Düzdü, dünən gecə saatlarında “facebook”da bir status yazmışdım. Amma qətiyyən başqa bir şey düşünməyə ehtiyac yoxdu. Şəxsən mənə heç kəs hədə qorxu gəlməyib. Sadəcə olaraq dünən bizim fan-klubun bəzi uşaqları ilə mübahisəm düşdü. Aktiv olmamaları, son zamanlar bəzilərinin oyuna gəlməməsi və üstəlik mənə cavab qaytarmaları məni çox əsəbləşdirdi. Status da onunla bağlıdı. Amma o paylaşım təxminən bir saat qaldı. Çünki elə bu vaxt ərzində “Pirates”in əsas uşaqlarından dəstək gördüm. Yəni geri çəkilmək yoxdu”.
Shares: