Böyük azarkeş kütləsinə sahib olan klublarımızdan biri də “Neftçi”di. Futbolinfo.az xəbər verir ki, bir neçə fan-klubu olan flaqmanın hazırda ən fəal dəstəkçilərindən biri “Forza” azad azarkeş qrupudu. Budəfəki qonağımız da “Forza”nın rəhbəri Sübhan Əliyevdi.
– “Forza” 2009-cu il fevralın 9-da yaradılıb. Biz uşaq vaxtlarından “Neftçi” azarkeşiyik. Ona görə qərara gəldik ki, sevimli komandamızın fan-klubunu yaradaq. Beləcə, “Forza”nı yaratdıq. “Neftçi”nin idarə heyəti də bizə çox dəstək oldu.
– “Forza” adını kim seçib?
– Mən seçmişəm. “Forza” böyük deməkdi. Uşaqlara da deyəndə bəyəndilər. Böyük klubun böyük azarkeş qrupu olmalıdı.
– Fan-klubunuzun neçə üzvü var?
– 600 nəfərdən çox olar. Ancaq çoxları iş, təhsil ilə bağlı bütün oyunlarda iştirak edə bilmir.
– Sizdən öncə “Caspian Ultras”ın rəhbəri Ramal Novruzovla müsahibəmizdə bildirdi ki, “Neftçi” ilə heç vaxt barışıq olmayacaq. Sizin buna münasibətiniz necədi?
– Elə Ramalın da dediyi kimi, biz əzəli rəqibik və heç vaxt barışıq olmayacaq.
– Hansısa fan-klubla dostluq əlaqələriniz var?
– Bəli, “Qarabağ”ın “Bozqurd” fan-klubu ilə dostluq, qardaşlıq münasibətimiz var.
– Bəs “Neftçi”nin digər fan-klubları ilə?
– Hər birimiz “Neftçi” azarkeşiyik. Sadəcə, fərqli fan-klubların üzvüyük. Normal münasibətlərimiz var.
– Gələcəkdə fan-klubu böyütmək istərdiz?
– Bir sıra layihələrimiz var. Xaricdən klubun şərflərini, formalarını sifariş etmək istəyirik. Bundan başqa digər planlarımız da var. İstərdim elə bir fan-klub olaq ki, hər oyunda tribunalar dolu olsun. Rəqib də “Bakcell Arena”ya gələndə öz oyununu göstərə bilməsin. Boyük planlarımız var. İnşallah, həyata keçirərik.
– Nazim Süleymanovun “Neftçi”nin baş məşqçi postuna gəlişinə münasibətiniz…
– Nazim Süleymanov futbolçu kimi çox yaxşı olub. Ancaq məşqçi kimi elə də uğurları yoxdu. O, “Neftçi” kimi böyük kluba gəlib. Bunun məsuliyyəti böyükdü. Çalışmaq lazımdı ki, “Neftçi”nin uğurları daha da artsın.
– Bu təyinat deyəsən, ürəyinizcə deyil?
– Düzü, biz Böyükağa Haciyevin geri qaytarılmasını istəyirdik. Ancaq rəhbərliyin qərarı belə oldu. Nə deyə bilərik, hörmətlə yanaşırıq. Əsas odu, klubumuz uğur qazansın.
– Bəs futbolçular necə? Komandadan getməsini istədiyiniz oyunçu varmı?
– Futbolçularımız yaxşıdı. Sadəcə, son oyunlarda onlarda yaman arxayınlaşma var. Elə bil ki, çempionluğa, qələbəyə doyublar. Belə olmaz. Biz yenə çempionluq istəyirik. Məsuliyyəti dərk edib, çalışmaq lazımdı.
RÖYA KƏRİMLİ





