Etiraf edin ki, bu yazını sərlövhə diqqətinizi çəkdiyi üçün oxumaq qərarına gəldiz. Ancaq bəri başdan kefinizi korlayacam. Çünki bu quş o quşdan deyil…
 
Azərbaycan futbolunda elə adamlar var ki, onları görəndə səni qaşınma tutur. Ona görə yox ki, onlara quşun qonmur, sadəcə, dunəni bəlli olan belələrinin bu gün kiməsə səhv tutması, sabah üçün kiməsə məsləhət verməsi gulməli görünür. İnanın, belələrinə qulaq assaq, qaranquş gözlədiyimiz vaxtda da yolumuz ustə bayquş əyləşəcək.
 
Məsələn, yaxınlarda Emil İsgəndərovun hansısa oyunun hakim qərarlarını şərh etdiyini gördüm. Onun nə haqda və necə danışdığı inanın ki, heç marağıma belə səbəb olmadı. Görünən kəndə nə bələdçi? Xaqani Məmmədovun Tovuz – Bakı qatarında Anatoli Konkova bağışladığı fitə and olsun ki, İsgəndərovun hakimlikdən danışması quşlardan sərçənin bülbülə cik-cik öyrətməsinə bənzəyir. Adam bir özünə, keçmişinə baxar, sonra kiminsə quşundan danışar. Hakim olan vaxt iki oyundan bir döyülən, səhvləri turun bəzəyi olan, gah məşqçi, gah hakim olan biri indi ekspertlik edir. Görəsən, Emil bəy yaxınlarda ciddi səhvi üzündən davaya səbəbkar olan, hakimlikdən qovulan oğlu üçün “ay mənim quşbaz oğlum” mahnısını oxuyurmu?
 
Quş dedim dəvəquşu yadıma düşdü. Dəvəquşunun da yumurtası bu heyvanın ad-sanına görə digərlərindən böyük olur. Necə ki, AFFA-nın baş katibi Elxan Məmmədovun da quşu elə tutduğu postun məsuliyyəti boydadı. Kişinin oğlu müsahibəsində dirəşib ki, yığma ildə 5 dəfə 3-5 günlük toplanışa yığışır. Bəlkə də o təkcə quş südünün əskik olmadığı, özünün də yaxşı qazandığı Almaniya toplanışlarının sayını nəzərdə tutub, amma o dəqiqdi ki, milli üzvləri il ərzində 65-70 gün aralığında toplanışa yığışır.
 
Belə yalanları, quşları son vaxtlar tez-tez eşidirik. Birini də “Bakı” buraxdı. Belə ki, "Bakı"nın U-15 komandasının Fransanın Lans şəhərində yerli komandayla oyunu o qədər maraqlı alındı ki, paytaxt klubunun rəsmi saytı hesabı qeyd etmədən əvvəlcə qələbə qazandıqlarını, sonra uduzduqlarını yazdılar. Sonra dəqiqləşdi ki, sən demə, Hafiz Məmmədovun Fransadakı komandası digər komandasının quşxanasını dağıdıb – 15:0.
 
Futbolumuzda quşəppəyi yeyilən vaxtdan var olan Tərlan Əhmədovun buraxdığı budəfəki quş isə karyerası ərzində öz qapısına vurduğu qollardan da biabırçı oldu. Zalım oğlu vərdişini unutmayıb məşqçi vaxtında da avtoqol etdi. “Neftçi”nin sabiq məşqçisi “təkərə düşdü”, özü-özünə quyu qazdı. “Neftçi”yə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin köməyi sayəsində getdiyini dilə gətirməsi bir yana, Bakı klubundan qovulana kimi Böyükağa Hacıyevin onun işinə qarışmadığını, münasibətlərinin normal olduğunu deyən Əhmədov bir anda tutuquşu kimi təkrarladığı sözləri dandı. Kəsəsi, heç vaxt Hacıyevdən gileylənməyən məşqçinin “Neftçi”yə idarəçi kimi qayıdan bu şəxsin ona mane olduğunu sonradan açıqlaması qeyri-səmimiliyini, fəslə görə yer dəyişən quşlar kimi olduğunu göstərdi.
 
Quşdan danışasan “Simurq” yaddan çıxa – mümkün deyil. Sehrli quşun adını daşıyan Zaqatala təmsilçisinin futbolçuları da quşladı. Onların “Bakı” ilə oyundakı quşlamaları bizim diqqətimizdən yayınmadı, amma klub rəhbərliyi yuvada qaranquş yumurtası axtarmaq əvəzinə bizdən küsdü. Özləri bilər, biz belə səhvlərin qarşısına quş qoyuruq, onlar ısə Ququşun ən həzin mahnılarına qulaq asa-asa göz yumurlar.
 
Uzağı, 5-10 günə quşbaşı qar yağacaq. Umid edirik, qışda quşların sayı çoxalmayacaq. Heç olmasa, elə edin ki, quşlarınız ciddi olmasın, buna bir quş deyə bilək.
Shares: