"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun futbolinfo.az saytına müsahibəsi
– Komandanızda hazırkı vəziyyət necədi?
– "Qəbələ" hazırda turnir cədvəlinin 3-cü pilləsindədi. Taktiki cəhətdən bir az çətinliyimiz var. Müdafiədə problemlərimiz olur. İnşallah, onları qış transfer pəncərəsində həll edəcəyik. Bütövlükdə, vəziyyət normaldı.
– "Qəbələ" hazırda turnir cədvəlinin 3-cü pilləsindədi. Taktiki cəhətdən bir az çətinliyimiz var. Müdafiədə problemlərimiz olur. İnşallah, onları qış transfer pəncərəsində həll edəcəyik. Bütövlükdə, vəziyyət normaldı.
– Lider olmaq üçün çatışmayan nədi?
– Futbolçular arasında anlaşma səviyyəsi hələ ki, ideal deyil. Bizim futbolçular 1 və 2-ci pillədə gedən komandaların futbolçuları kimi bir-birini yaxşı anlamır. Mən səbəb kimi bunu göstərərdim.
– Qışda transferlərin olacağını bildirdiniz. Hansı mövqelər gücləndiriləcək?
– Baş məşqçi ilə danışığımız olub. Hələ ki, yerli futbolçu almaq haqda fikirləşirik. Əsasən müdafiəyə üstünlük veriləcək. Yenə də istənilən halda bu işlər baş məşqçi ilə həll ediləcək.
– Bu yaxınlarda "Qəbələ"nin bir neçə nümayəndəsi Qanaya yollanmışdı…
– Bəli, bunlar gələcək üçün görülən işlərdi. Yəni sırf qış üçün planlaşdırılmır. Bizdə seleksiya qrupu var. Baş menecerlə məşqçilər Qanaya səfər etmişdi. Bu, perspektiv üçün atılan addımdı.
– Premyer Liqanın 12-ci turunda "Qarabağ"la qarşılaşma zamanı azarkeşlərə qarşı qeyri-etik hərəkətindən sonra Elnur Allahverdiyevə təzyiq edildi. Klubdan cəza veriləcəyi deyilsə də, bu barədə heç bir məlumat verilmədi…
– Mənim Elnurla görüşüm oldu. İnanıram ki, bu görüşün nəticəsi olacaq. O, "Qəbələ"ni təmsil edir və gördüyünüz hərəkətlərə bir daha yol verməyəcək. "Qəbələ"ni təmsil edən idmançı qeyri-etik hərəkətlərə yol verə bilməz. Onun dəlisov futbolçu olduğunu bilirsiz. "Xəzər Lənkəran"dan transfer olunanda bu barədə onunla danışıb, razılaşmışdıq. Söhbət etdik və həmin söhbətdən sonra Elnur bu cür halın bir daha təkrarlanmayacağına söz verdi. Amma pul və ya başqa cəza tətbiq olunmayacaq.
– Ötən mövsüm "Simurq"da özündən söz etdirən və böyük ümidlərlə transfer olunan David Petrkeviçin meydana çımaması nə ilə bağlıdı? Cari mövsümdə cəmi 3 oyunda forma geyib…
– Syomin futbolçulara həddən artıq peşəkarcasına yanaşır. Burada başqa bir məsələdən söhbət gedə bilməz. Petrkeviçin forma geyinə bilməməsi sırf rəqabətdən asılıdı. Dieqo Kosta özünü yaxşı tərəfdən göstərir və Syomin ona şans verir. Lakin "Qarabağ"la oyunda bəzi səhvləri olduğu üçün yenidən David şans qazandı. Mətbuatdan oxuyuram ki, Syomin eksperiment aparır. Ancaq belə deyil, hansı futbolçu hazırdısa, o da meydana çıxır.
– Qapıçılar arasındakı rəqabəti gücləndirmək üçün qışda bu mövqeyə yeni transfer ola bilər?
– Onunla bağlı qərarı baş məşqçi verir. Əgər istəsə, bu məsələyə baxılacaq. Ancaq hələlik qapıçı transferi aktual deyil.
– Növbəti turda AZAL-la qarşılaşacaqsız…
– Komanda qarşısına çempionluq məqsədi qoyub. Rəqibin kimliyindən asılı olmayaraq, hazırlıqlar davam edir. Ümid edirəm ki, sonda sevinən tərəf biz olarıq.
– "Qəbələ" mövsümün sonuna qədər çempionluq uğrunda mübarizəyə tab gətirə biləcək?
– Sonadək rəqabətə davam gətirəcək gücümüz var. Bunun üçün lazım olan şəraitimiz, məşqçimiz var. Yalnız 1 və 2-ci pillədə olan komandalarla deyil, bütün komandalarla rəqabət aparırıq. Şəraiti nəzərə alsaq, komandanın bu rəqabətə dayanmamağa haqqı yoxdu.
RÖVŞƏN ƏHLİMANOĞLU





