“İnter”in yarımmüdafiəçisi İlqar Ələkbərov ayılıb. Saytımızda siqaret, yoxsa qəlyan tüstüsündən olduğu dəqiq bilinməyən fotosu yayımlanandan sonra bu futbolçu bir anlıq silkələnib, dumandan başı ayazıyıb və cavab vermək qərarına gəlib.
Doğrusu, İlqar məhz bizə cavab versəydi, məmnuniyyətlə onu dinləyər, etirazının haqlı olub-olmadığını araşdırar, lazım olsa, üzr istəyərdik. Ancaq Ələkbərov basqa yolu seçib. O, əvvəlcə mənbəyə istinad etməyi belə lazım bilməyən saytlardan birinə acıqlama verib.
Sitat: "Mən nə siqaret çəkirəm, nə də qəlyan. Əsasları olmadan, paylaşdığım şəkildə siqaret çəkdiyimi iddia edirlər. Bu şəkil şəhərdəki çay evlərindən birində çəkilib. Əmimoğlu və bir neçə dostumla çay içməyə getmişdik. Qəlyanı əmim oğlu çəkirdi və tüstüsü mən tərəfə düşüb. Şəkili kəsdiyim üçün belə alınıb. Şəkildə hər şey aydın şəkildə görünür. Sadəcə, bu xəbəri yazana sözüm odur ki, xəbər yazanda maraqlanıb xəbər yazın, yalan yerə babal yumayın, günah yiyəsi olmayın".
Ələkbərov bu cavabla əsl mədəni oğlan təsiri bağışlayır. İnanın ki, bizimlə əlaqə saxlasaydı, onu başa düşər, profilində kəsilmiş halda qoyduğu bu şəklin orijinalını biz də təqdim edərdik. Amma İlqar paylaşdığı statusla tərbiyəsini göstərdi ki, onun qeydlərini təqdim etmək belə utandırıcıdı. Ona görə də indi biz onun üzr istəməsini tələb edirik. Bu məqamı klub rəhbərliyininin diqqətinə çatdırmaqla yanaşı digər qeydlərimizi də bölüşməyi lazım bilirik.
1. Futbolçunun, idmançının hətta qəlyan məclisində, elə bir tüstü-duman içində əyləşməsi belə doğru deyil. İlqarın bu hərəkətinin nəticəsidi ki, son vaxtlar “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze ona az güvənir, gənclər yığmasında isə ümumiyyətlə, heyətə düşmür.
2. Ələkbərov şəkilin orijinalını yayımlamaqla başqasının qəlyan çəkdiyini, özünün isə guya sadəcə, məclis iştirakçısı olduğunu iddia edir. Düzü, onun tüstüdə xumarlanmasından sonra əmin deyilik ki, Ələkbərov özü də bu “nemətdən dadmır”. Hətta belə tüstü-dumanda məst olan birinin siqaretə həvəs göstərməsi də tam məntiqli olardı. Bu üzdən onun şəkildə görünməyən əlində siqaretin alışıb-alışmamasına şübhəm var.
3. “İnter”in yarımmüdafiəçisinin tərbiyəsiz sözlərlə bəzədiyi statusunu oxuduqdan sonra isə hal əhli olması barədə şübhələrimiz daha da çoxalır. Əməkdaşımızla yazışmasında isə əməlindən peşman olduğu hiss edilir: “Namaz qılanam, nə ickim var, nə cəkməyim, şükürlər olsun ki, indiyə kimi də ağzıma heç nə almamışam. Atasız uşağam, evə mən baxiram, həyatda heç vaxt belə şey eləmərəm. Bu yerə çıxmaq üçün nə qədər əziyyət çəkmişəm”.
4. Ələkbərovun bu yazısındakı məqamlarla paylasdığı söyüşlər bir-birini təkzib edir. Namaz qılan oğlanın elə tərbiyəsiz sözləri özünə rəva görməsi adama inandırıcı gəlmir. Ümid edirik ki, “İnter” rəhbərliyi özü məsələni yoluna qoya biləcək, futbolçusunun qulağını çəkəcək.
5. Bizim istedadına şübhə etmədiyimiz bu gənc də yəqin ki, bundan sonra hərəkətlərində daha diqqətli olacaq. Oturduğu məkanlarla, insanlarla daha diqqətli olacaq. Ən azı belə səhvlərini fotoyaddaşa köçürüb yayımlamayacaq. Çünki hazırda “İnter”də topdaşıyan uşaqlar ona kumir gözü ilə baxır, ondan ən yaxşı şeyləri götürmək istəyir. Balacalara nümunə olacaq birisi belə davranışlara yol verməməlidi.





