“Bakı” klubunun “Şəhər uşaqları” fan-klubunun rəhbəri Ramil Məmmədovun futbolinfo.az saytına müsahibəsi
 
– “Şəhər uşaqlararı” fan-klubu nə vaxt yaranıb?
– Keçən il fəaliyyətə başladıq. Məqsədimiz azarkeşləri bir araya toplayıb, komandamız “Bakı”ya dəstək olmaq idi.
 
– Niyə məhz “Bakı”ni azarkeşisiz? Nəzərə alsaq ki, paytaxt futbolsevərlərinin çoxu ”Neftçi” azarkeşidi…
– Hər azarkeşin ürəyincə bir komanda olur. “Bakı” da mənim ürəyimcədi. Açığı, mən “Bakı”nın oyunlarına gedənə qədər ölkəmizdə futbolun olduğunu belə bilmirdim. İlk dəfə “Göyəzən”lə oyuna getmişdim. Həmin oyundada “Bakı” 6:0 hesabı ilə qələbə qazanmışdı. O oyundan sonra maraqlanmağa və bu komandanı sevməyə başladım. Paytaxt sakinlərinin çoxunun “Neftçi”ni sevməsi isə daha çox bu klubun tarixi ilə bağlıdı. Məncə, Bakıda iki klub qalsa, daha yaxşı olar. Əvəzində Tovuz, Yevlax, Gəncə kimi əyalətlərdə futbola diqqət yetirmələri xeyirlidi. Çempionat onda bizim üçün də maraqlı olar. Digər paytaxt klublarının rayonlara köcürülməsi daha yaxşı olar.
 
– Bu il çempionluğa əsas namizəd kimi hansı komandanı fərqləndirə bilərsiz?
– “Qarabağ”ın çempion olacağı daha real görünür. Amma “Bakı”, “Neftçi”, “Qəbələ” də sona kimi çempionluq üçün oynayacaqlar. Ümumiyyətlə, bu il klublarımız güclənib, Öncədən nəsə demək çətindi.
 
– Ötən mövsüm “Bakı” demək olar ki, tarixin ən uğursuz ilini keçirdi. Bunun səbəbini nədə görürsüz?
– Uğursuz məşqçi seçimi. Məşqçiyə həddindən artıq şans verildi. Bu da axırda belə uğursuzluğa gətirib çıxardı.
 
– İndi necə, hər şey qaydasındadı?
– Hər şey deməzdim. Hər şey qaydasında olsaydı, indi birinci yerdə biz olardıq. İndi əsas problem zədələrlə bağlıdı.
 
– Klubdan fan-klubunuza dəstək var?
– Dəstək yalnız atributlar və  biletlə bağlı olur. Başqa heç nə…
 
– Bəs fan-klub haradan maliyyələşir?
– Heç bir maddı dəstəyimiz yoxdu.
 
– Nə qədər üzvünüz var?
– Oyunların vaxtı ilə əlaqədar olaraq bütün üzvlərimiz hər oyunda iştirak edə bilmir. Elə vaxtlarda oyunda 40-50 nəfər olur. Ümumi isə 100-dən çox azarkeşimiz var. 6-sı xanımdı.
 
– “Bakı”nın başqa fan-klubu varmı?
– Bəli, rəsmi fan-klub. Klub yaranandan fəaliyyət göstərir. Bildiyim qədər ilə, 250 nəfərə yaxın üzvü var.
 
– Niyə rəsmi fan-klubla birləşib “Bakı”nı dəstəkləmirsiz?
– Oyunlarda bir yerdə otururuq. Sadəcə, klubla bağlı fan-klub olmaq istəmirik. Bizim məqsədimiz reklam yox, “Bakı”ya dəstək olmaqdı.
 
– Səfər oyunlarına gedirsiz?
– Bakıda olan oyunların hamısına gedirik. Amma rayonlara gedəndə sayımız az olur.
 
– Xərcləri özünüz qarşılayırsız?
– Az adam gedir deyə, ayrı avtobus tutmuruq, elə rəsmi fan-klubla bir yerdə gedirik. Amma üzvlərimizin rayonlara getmək imkanı olsa, öz hesabımıza avtobus tutub, gedərik.
 
RÖYA KƏRİMLİ
Shares: