Sabah AZAL Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. "Təyyarəçilər"in baş məşqçisi Vaqif Sadıqov futbolinfo.az saytına açıqlamasında oyunöncəsi fikirlərini bildirib:
"Bu oyun bizim üçün çox vacibdi. "Qəbələ" güclü rəqibdi. Həm peşəkarlıq, həm də səviyyə cəhətdən yüksəkdi. Çətin bir oyun keçəcək. Böyük hədəfləri olan, çempionluğa iddialı komanda ilə qarşılaşacağıq. Ancaq biz də bütün oyunlarda olduğu kimi, bu dəfə də qələbə üçün meydana çıxacağıq. Oyunda şanslar həmişə bərabər olur. Kimin güclü olduğu 90 dəqiqənin sonunda bilinəcək. Baxmayaraq ki, güclü komandadı, amma rəqibdən çəkinmirik".
Sadıqov komandada yaranan kadr problemlərindən də danışıb: "Kadr problemlərimiz var. Bu problem get-gedə artır. Buna baxmayaraq AZAL komanda oyunu oynayır və inanıram ki, sabah bunu sübut edəcəyik. Hazırda 5 futbolçumuz cəzalı durumdadı. Bəzi futbolçularımız zədədən əziyyət çəkir. Bunlar Orxan Həsənov və Murad Ağayevdi. Onlar bu oyunda bizə kömək edə bilməyəcək".





