Hamının əsas yığma komandanın başında Berti Foqtsu kimin əvəz edəcəyini müzakirə etdiyi bir vaxtda AFFA digər milli komandalarda islahata başlayıb. Futbolinfo.az xəbər verir ki, aşağı yaş qrupundan olan millilərdə yeni təyinatlar bəlli olub.
 
Düzdü, təyinatların rəsmiləşməsi üçün AFFA İcraiyyə Komitəsinin iclasını gözləmək lazımdı. Ancaq istənilən halda baş futbol qurumumuz indidən postları məşqçilərə tapşırır.
 
U-19 komandamızın sabiq baş məşqçisi Arif Əsədovun müqaviləsinin müddəti bitsə də, bu komandanın yenidən ona tapşırılacağı gözlənilirdi. Çalışdırıcı özü də açıqlamasında bu barədə baş katib Elxan Məmmədovla ilkin razılıq əldə etdiyini bildirmişdi. Ancaq dünən bəlli oldu ki, 2014-cü il yanvarın 3-dən 12-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq Valentin Qranatkinin xatirə turnirinə U-19 Nikolay Adam aparacaq. Alman məşqçinin bunadək çalışdığı U-17 komandası indiyədək 16 yaşlılarla işləmiş Aslan Kərimova tapşırılacaq. U-16-ya kimin təyin olunacağı məsələsi açıq qaldığı kimi, Əsədovun karyerası da maraq doğurur.
 
Dünən əlaqə saxladığımız Arif bəy Rusiyadakı beynəlxalq turnirə yollanmamasını tutarlı faktla əsaslandırdı. Belə ki, bu komanda U-17-nin heyəti əsasında formalaşdırıldığından əvvəllər bu uşaqlara rəhbərlik etmiş Adamın sabiq yetirmələriylə yenidən birgə işləməsi məsləhət bilinib. Eyni hal Kərimov üçün də keçərlidi. Belə ki, o da 1 yaş böyümüş yetirmələrini U-17-yə toplayacaq.
 
Belə yüksəlmə piramidası ilə Arif bəy gənclər yığmasına təyin olunmalıdı. Ancaq qurum Bernard Lipperti istefaya göndərməyə hazırlaşmır. AFFA bunun üçün daha optimal variant tapıb. Əsədov yeni yaradılması çoxdan planlaşdırılan U-20-nin ilk baş məşqçisi olacaq. Mütəxəssis bizimlə söhbətdə bu məsələyə dəqiqləşmədiyi üçün şərh verməsə də, tezliklə təyinatın rəsmiləşməsi realdı.
 
EMİN SƏFƏROV
Shares: