Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin futbolinfo.az saytına müsahibəsi
 
– Zədənizi yeni bərpa etmisiz. Topaz Premyer Liqasının 14-cü turunda "Rəvan"la keçiriləcək oyunda meydana çıxa biləcəksiz?
– Şükür Allaha, artıq özümü yaxşı hiss edirəm. Zədəm tam bərpa olunub. İnşallah "Rəvan"la qarşılaşmada oynaya biləcəm.
 
– "Qarabağ"da daha bir neçə aparıcı futbolçu zədələdi. Bu, qarşıdakı oyunlarda komandanızın çıxışına nə dərəcə təsir edə bilər?
– Aparıcı futbolçuların olmaması komandanın oyununa sözsüz ki, təsir edəcək. Amma kim oynayır, kim oynamır, bunun fərqi yoxdu. Biz 3 xal üçün meydana çıxacağıq.
 
– 1-ci dövrədə "Rəvan"la qolsuz heç-heçəyə razılaşmışdız. Bu dəfə "Rəvan"la görüşdən nə gözləyirsiz?
– Biz bu oyuna çox ciddi hazırlaşırıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
 
– Qurban Qurbanov son məşqlərə əvəzedici heyətdən bir neçə oyunçu dəvət etmişdi. Əgər onlara şans verilsə, həmin futbolçuların oyun təcrübəsinin az olması sizin oyuna nə dərəcədə təsir edəcək?
– Əvəzedici heyətdə oynayan futbolçular hamısı Premyer Liqada oynamaq gücündə olan uşaqlardı. Onlara şan verilsə, zəif təsir bağışlayacaqlarına inanmıram.
 
– Bir çox futbol adamları "Qarabağ"ın çempionluq şanslarını yüksək qiymətləndirir. Bu sizdə arxayınlıq yaratmır ki?
– Çempionluqdan danışmaq hələ tezdi. Sona qədər lider ola bilərsən, sonda bir oyun uduzmaqla çempionluq əldən gedə bilər. Hələ ki, qarşıda 20-dən çox oyunumuz qalıb. Çempion olmağı çox istəyirik. Bu, futboldu. Burada heç nə sığortalanmayıb. Bütün fikirlərimiz çempion olmağa yönəlib.
 
– Çempionluğa gedən yolda sizə hansı komanda mane ola bilər?
– Bütün komandalar bizim üçün çətin rəqibdi. Bütün klublar bizə qarşı xüsusi oyun tətbiq edir. Çempion olmaq istəyiriksə, komandaları bir-birindən fərqləndirmək düzgün olmaz.
 
– Yığmanın oyunları ilə əlaqədər fasilə yarandı. Bu, əvvəllər olduğu kimi, yenə "Qarabağ"ın çıxışına mənfi təsir göstərə bilər?
– Millinin oyunları ilə yaranan fasilədən sonra bizim oyunlarımız yaxşı alınmır. Çünki, komanda bir yerdə məşq edə bilmir. Çalışacağıq ki, o fikirdən uzaq olaq. Bu dəfə oyunumuzda problem yaranacağına inanmıram.
 
– Millimiz Estoniyaya məğlub olduqdan sonra Qırğızıstanla da sülh bağladı. Bu nəticələri necə qiymətləndirirsiz? Ümumiyyətlə, Qırğızıstanla oyun bizə lazım idi?
– Qırğızıstanla oyun vacib deyildi. Yəqin ki, məşqçi bəzi çatışmamazlıqlara görə bu oyunun təşkil edilməsini istəyib.
 
– U-21-in Makedoniya ilə oyunu haqda haqda nə deyə bilərsiz?
– Rəqib komandanın yaxşı heyəti var. İlk hissədə bərabər səviyyəli oyun getdi. 2-ci hissədə bir neçə real qol imkanımız oldu. Ancaq istifadə edə bilmədik, məğlub olduq. 
 
– Əsas milli komandaya yox, U-21-ə çağrılmağınızı necə qarşıladız?
– Burada başqa bir məna axtarmaq lazım deyil. Sadəcə, U-21-ə Araz Abdullayevlə məni kömək üçün göndərmişdilər. Yəni, gənclər yığmamızın oyunu olmasaydı, biz əsas milliyə çağırılacaqdıq. Yığmalarımızın hər birinə kömək etməyə hazırıq.
– Hazırda gənclər yığmamız AÇ-2015-in seçmə mərhələsində qrup sonuncusudu. Sizcə, sonuncu olmaqdan yaxa qurtarmaq mümkün olacaq?
– İnşallah, qarşıdakı oyunlarda qalib gəlməklə axırıncı yerdən çıxacağıq. Meydana sırf qələbə üçün çıxacağıq. Hər şey özümüzdən asılıdı.
 
EMİN SƏFƏROV
Shares: