Topaz Premyer Liqasında növbəti istefa gerçəkləşib. Futbolinfo.az xəbər verir ki, uelsli mütəxəssis Con Toşak “Xəzər Lənkəran”ın baş məşqçisi postundan ayrılıb.
14-cü turun “Bakı” ilə səfər matçında 0:3 hesabı ilə uduzduqdan sonra 64 yaşlı məşqçi vəzifəsindən ayrılmaq qərarına gəlib. Son 27 gündə alınan 3-cü böyük hesablı məğlubiyyət onun belə addım atmasında böyük rol oynayıb.
Bununla, Toşakın “Xəzər Lənkəran” klubundakı 8 aylıq fəaliyyəti sona çatıb. Con Toşakın istefasından sonra komandaya rəhbərlik Covanni Melkiorrenin rəhbərliyi altında məşqçilər korpusuna həvalə olunub.
Bu ilin martında baş məşqçi təyin olunan uelsli mütəxəssis ölkəmizi “31”lə tək edir.
Belə ki, “ağ-yaşıllar”ı 31 matça çıxaran mütəxəssis 9 qələbə, 10 heç-heçə və 12 məğlubiyyətə şahid olub. Onun yetirmələri 24 qol vurub, 42-ni buraxıb.
Qeyd edək ki, Toşaka qədər “Rəvan”da Ramil Əliyevlə Vldasilav Qədirov, “Neftçi”də isə Tərlan Əhmədov postundan kənarlaşdırılmışdı. (apasport.az)





