"Bakı"nın baş məşqçisi Milinko Pantiç Azərbaycan millisinin Estoniya və Qırğızıstanla keçirdiyi yoldaşlıq oyunlarından danışıb. Futbolinfo.az saytına müsahibəsində serbiyalı mütəxəssis bunları bildirib:
"Mən Berti Foqts barədə heç bir fikir söyləyə bilmərəm. Onun gedib-getməməsinə federasiyadan qərar veriləcək. Azərbaycan yığmasının yoldaşlıq oyunları haqda danışmaq istərdim. FİFA yoldaşlıq oyunlarını ləğv etməyi qərara alıb. Çünki futbolçu bu oyunlarda zədələnə bilər. Oyunlar televiziyada verilmədiyindən baxa bilmədim. Bildiyim qədər komanda Estoniyaya qarşı pis oyun oynamadı. Qırğızıstanda isə vəziyyət başqa idi. Futbolçular meydançanın pis vəziyyətdə olduğunu, topun yaxşı olmadığını bildirdilər".
Bundan başqa serb mütəxəssis İsveç – Portuqaliya oyunundan da söz açıb: "Ronaldo və İbrahimoviç dueli olduqca maraqlı idi. Hər ikisi mükəmməl futbolçudu. Hansının daha yaxşı olduğunu deyə bilmərəm. Elə bil bir uşaqdan atasını, yoxsa anasını çox istədiyini soruşursan. İstəyərdim ki, hər ikisi mənim komandamda olsun".
RÖVŞƏN ƏHLİMANOĞLU





