Gözlənildiyi kimi, "Xəzər Lənkəran"da Con Benjamin Toşak dönəmi başa çatdı. Uelsli mütəxəssis Tuyqun Nadirovun təbiriylə desək, "Azərbaycan futbolunun lokomotivi"ni hədəfə çatdıra bilmədi.
Cənubluları yalnız ölkə kubokunun finalına çıxaran və komandaya Super Kubok qazandıran Toşak çempionat matçlarında ardıcıl 3 oyunda darmadağına şahidlik edincə, çemodanlarını yığışdırmalı oldu.
Əslində, Toşakın istefası mövcud vəziyyətdə ən real çıxış yolu kimi görünə bilərdi. Göz görə-görə komanda ağır xəstələr kimi əriyib şama dönürdü. Qarşısına ən pis halda avrokuboklara yüksəlmək hədəfi qoyulan komandanın biabırçı nəticələrlə uduzmasını nə rəhbərlik, nə də azarkeşlər həzm edə bilərdi. Amma Toşakı istefaya göndərib onun yerinə “Fənərbaxça”nın əfsanəvi futbolçusu sayılsa da, uğurlu məşqçilik karyerası olmayan Oğuz Çətini gətirmək nə dərəcədə düzgün idi?
Düzdü, təyinat reallaşmayıb, ancaq hadisələrin axarı məhz bu cür sonucu proqnozlaşdırmağı tələb edir. Yəni, bugünkü vəziyyətdə türkiyəli mütəxəssis Cənub klubunu böhrandan çıxara bilərmi?
Zəngin-bərbad karyera
19 il peşəkar karyerası olan və bu müddətdə 8 mövsüm “Fənərbaxça”nın şərəfini qoruyan Oğuz Çətinin məşqçilik karyerasından danışsaq, çox vaxtınızı almarıq. Çünki haqqında söhbət açdığımız mütəxəssis çalışdığı komandalarda çox qalmayıb. 2000/01 mövsümündə Mustafa Dənizlinin “Fənərbaxça”nın “sükanı arxasına” keçməsindən sonra məşqçilər korpusunda yer alan Çətin almaniyalı Vernar Lorantın başçılıq etdiyi komandada eyni vəzifəni tutub. Amma 2002/03 mövsümünün gedişində Lorant istefaya göndərilincə, Çətin qisa müddətdə müvəqqəti olaraq komandada söz sahibi olub. Həmin mövsümü “Fənər” 51 xalla 6-cı pillədə başa vurub. Mövsüm başa çatan kimi rəhbərlik Çətinə də qapını göstərib. Daha sonra 2004-cü ildə “Kayseri Ərciyəspor”dan dəvət alan Oğuz orada da uğurlu fəaliyyəti ilə yadda qalmayb və komandanı tərk etdikdən sonra “Gənclərbirliyi” ilə anlaşıb. Di gəl ki, Çətinin bu komandada işləri çətinə düşüb və 2005-ci ildə gənc mütəxəssislə yollar ayrılıb.
Hələ bu, harasıdı? Oğuzla “Diyarbəkirspor” da uzun yol qət etməyib və bu komandaya təyin olunduqdan bir müddət sonra növbəti dəfə Çətin işsiz qalıb. Maraqlıdı ki, məhz diyarbəkirlilərlə işbirliyindən sonra o, klublara yaxın düşməyib. 2005-ci ildə Fatih Terimin istəyi ilə yığmaya köməkçi məşqçi vəzifəsinə gətirilən Çətin 7 il bu vəzifədə çalışıb. Düzdü, Quus Hiddink istefaya göndərildikdən sonra Oğuz müvəqqəti olaraq “ay-ulduzlular”ı çalışdırsa da, milliyə təyin olunan Abdullah Avcı onu öz komandasında görmək istəməyib.
Maraqlıdı ki, milliyə yararsız olduqdan sonra Çətin yenidən klub çalışdırmaq eşqinə düşsə də, növbəti fəaliyyəti də uğursuz alınıb. PTT 1-ci Liqasında mübarizə aparan “Boluspor”a dəvət alan Çətin komandanın pley-offa yüksəlmək şansı azaldıqdan sonra istefa vermək qərarına gəlib. Gənc mütəxəssis 31-ci turdan sonra “Boluspor”u tərk edərkən komanda 40 xalla 11-ci sırada qərarlaşmışdı.
XL-in gözündə tü(r)kü görəndə
Düzü, belə bərbad karyerası olan və ancaq yığmada kimlərinsə əli altında işləməyə öyrəşən Çətinin müstəqil şəkildə problemlər dənizində qərq olan “Xəzər Lənkəran”ı quruya çıxaracağı inandırıcı görünmür. Əlbəttə, gələcəyi proqnozlaşdırmaq çətin olduğundan yanıla bilərik. Amma birdən-birə belə komandaya uğursuz məşqçini dəvət etmək böyük riskdi. Toşak kimi təcrübəli mütəxəssis xarizmasıyla komandanı böhrandan çıxarmağı bacarmadısa, indiyə qədər çətin vəziyyətə düşən komandaları xilas edə bilməyən türkiyəli çətin ki, buradan baş çıxarsın. Əlbəttə, dil amilini nəzərə alsaq, hardasa bunu “Xəzər Lənkəran” üçün üstünlük saymaq olar. Nəzərə alaq ki, vaxtıyla Rasim Kara da lənkəranlıları “Qızıl oyun”a daşımaqla komandanı elə türklər demişkən, “elektrikləndirmişdi”. Ancaq o da var ki, Şenol Fidanla Cüneyt Biçərin də “Xəzər Lənkəran” karyerası fiaskoyla nəticələnmişdi.
XL enerjili, gecə-gündüz işləyən və həmişə nəsə öyrənməyə çalışan məşqçiyə ehtiyac duyur. Azərbaycan futbolu haqda təsəvvürü olmayan mütəxəssisi “azarkeşlərimiz sakitləşsin” deyə gətirmək komandanı daha bir neçə müddət geriyə salmaq deməkdi. “Xəzər Lənkəran” hazırda dişi çürüyən və nəticədə hər gün bu fəsada görə ağrıdan qovrulan xəstəyə bənzəyir. Dişində problem olan normal adam adətən belə vəziyyətlərdə həkim yanına gedib məsləhət alır. Amma XL dişini müalicə etdirmək əvəzinə ağrıkəsicilərdən istifadə edir. Bu komandada məşqçi istefaları sırf ağrıkəsici dərmanlardan istifadəyə bənzəyir. Hər yeni məşqçi gələndə komanda 2-3 tur əzmkarlığı ilə seçilsə də, turlar ötdükcə ağrılar yenə baş qaldırır. Görək bu Çətinin ağrıları nə vaxt baş qaldıracaq?
FƏRİD






