Topaz Premyer Liqasının 14-cü turunun "İnter" – "Neftçi" matçından sonra qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra paltardəyişmə otağında iki komandanın futbolçuları arasında dava düşüb.
Buna səbəb isə hələ matçın sonlarında "İnter"in hücumçusu Baçana Sxadadze ilə "Neftçi"nin müdafiəçisi Mahir Şükürov arasında yaranan münaqişə olub. Futbolçular matça əlavə olunan dəqiqələrdə top uğrunda mübarizə zamanı sərt oyundan sonra bir-biri ilə dalaşmağa çalışsa da, komanda yoldaşları və baş hakim Rəhim Həsənov onları sakitləşdirməyi bacarmışdı. Əslində, onların bu hərəkətini referi qırmızı vərəqə ilə "qiymətləndirməyə" borclu olsa da, Həsənov sadəcə sarı vərəqələrlə kifayətləndi.
Lakin görünür sözügedən oyunçuların hirsi oyundan sonra da soyumayıb. Nəticədə, onlar paltardəyişmə otağında daha ciddi dalaşıblar. Bu davada hər iki komandadan əlavə futbolçuların da iştirak etdiyi bildirilir. Hətta hələlik adı açıqlanmayan "İnter"in bir futbolçusunun ciddi xəsarət aldığı da iddia olunur.





