Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə Azərbaycan 1-ci Divizionunun 11-ci turu çərçivəsində "Qaradağ Lökbatan" öz meydanında "Neftçala" ilə qarşılaşır. Futbolinfo.az xəbər verir ki, Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunun ilk yarısında "Qaradağ Lökbatan"ın düşərgəsində maraqlı hadisə yaşanmışdı.
Belə ki, komandanın baş məşqçisi Adil Mahmudov öz köməkçisini texniki zonadan qovmuşdu. Nasim Əhmədov kənardan tez-tez hakimlərə, futbolçulara iradlarını bildirsə də, onun bu hərəkətləri baş məşqçinin xoşuna gəlmədiyindən köməkçisini texniki zonadan uzaqlaşdırmışdı.
Qarşılaşmanı canlı izləyən əməkdaşımızın verdiyi xəbərə görə, fasilədən sonra həmin məşqçi yenidən texniki zonaya qayıdıb. Lakin Əhmədov yenə hakimlərin qərarlarına müdaxilə etməyə, futbolçulara müxtəlif iradlar bildirməyə çalışıb. Sözügedən çalışdırıcının bu hərəkətləri ona bu dəfə daha baha başa gəlib. Belə ki, ikinci yarıda baş hakim Orxan Məmmədov Əhmədovu birdəfəlik texniki zonadan qovub.





