"Qarabağ"ın qapıçısı Fərhad Vəliyev Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları "Rəvan"la oyunu şərh edib. Futbolinfo.az saytına müsahibəsində o, qolsuz bitən qarşılaşma ilə bağlı öncə bunları söyləyib:
– Oyun ümumilikdə bizim üstünlüyümüz şəraitində keçdi. Rəqib qapıçının gözəl oyun nümayiş etdirməsi bu nəticənin qeydə alınmasında böyük rol oynadı. Qolu tez vurmaq lazım idi ki, komandamız daha yaxşı oyun nümayiş etdirsin. Epizodlarımız da çox oldu. Ancaq istifadə edə bilmədik.
 
– "Qarabağ" iddialı komandalara qarşı güclü oyun nümayiş etdirir, qalib gəlir. Zəif komandalarla oyunda isə belə xal itkiləri ilə üzləşir…
– Doğrudan da xal itkilərimizin çoxu zəif komandalarla oyunlara təsadüf edir. Ona görə, hər komanda ilə oyuna eyni dərəcədə önəm verməyimiz lazımdı. İstənilən halda çalışacağıq ki, mövsümün sonuna qədər liderliyimizi qoruyaq.
 
– Bu oyunda heç kimin gözləmədiyi halda qapı İbrahim Şehiçə tapşırılmışdı. Bunu necə qarşıladınız?
– Bu, mənim üçün də gözlənilməz oldu. Ancaq bu, futboldu. Gələn oyunlara hazırlaşmağım lazımdı. Ola bilsin ki, növbəti oyunda yenidən qapıya qayıtdım.
Shares: