AFFA ilə Liverpul Universiteti arasında  əldə olunmuş razılığa əsasən AFFA-nın Futbol İdarəçiliyi Təlim Proqramının giriş mərhələsinə 2011-ci il mayın 10-da start verilmiş, mayın 13-dək davam edən tədbirdə AFFA-nın və «Neftçi», «Qəbələ», «Xəzər Lənkəran», AZAL, «Qarabağ», «İnter», «Bakı», «Turan» klublarının nümayəndələri iştirak etmişdi. Sonda Futbol İdarəçiliyi Təlim Proqramının iştirakçılarına müvafiq diplomlar təqdim olunmuşdu. Futbolinfo.az xəbər verir ki, 2012-ci il mayın 14-dən etibarən İngiltərənin London şəhərində Futbol İdarəçiliyi Təlim Proqramının növbəti mərhələsi keçirilmişdi.
 
Bu il noyabrın 20-də İngiltərənin Liverpul şəhərində Futbol İdarəçiliyi Təlim Proqramının növbəti mərhələsi başlayıb. Tədris müddəti ərzində iştirakçılar İngiltərə Premyer Liqasının XII turu çərçivəsində keçirilmiş "Everton" – "Liverpul" və "Mançester Siti" – "Tottenhem" oyununu izləyib, "Mançester Siti" klubunun yeni istifadəyə verilmiş bazasında olublar. Onlar həmçinin İngiltərə milli komandasının bazası ilə tanış olacaqlar.
 
AFFA ilə yanaşı Topaz Premyer Liqası klublarının nümayəndələrinin iştirak etdiyi Futbol İdarəçiliyi Təlim Proqramının əsas məqsədi Azərbaycanda futbol idarəçiliyi üzrə yüksək ixtisaslı kadrların hazırlanması, bu sahədə inkişafa nail olmuş ölkələrin təcrübəsindən yararlanmaqdır.
 
Qeyd edək ki, bu layihə UEFA tərəfindən dəstəklənir. (AFFA)
Shares: