Hamının Oğuz Çətini “Xəzər Lənkəran”ın baş məşqçi postunda gözlədiyi bir zamanda cənubluların fərqli qərarı gündəmi dəyişdi. Con Toşakın xələfi yenə Türkiyədən gəlir, amma uğursuz məşqçi deyil, daha önəmli biridi.
 
İndi bəlli olur ki, Çətin bəlkə də Mustafa Dənizlinin kəşfiyyatçısı imiş, gələcəkdə isə köməkçisi olacaq. O, sadəcə, komandanı “Bakı” ilə oyunda canlı izlədi və Dənizlinin Mübariz Mənsimovla son görüşə gedərkən şərtləri konkretləşdirməsinə yardım etdi.
 
Dənizli haqda statistika dili ilə danışmağa gərək yoxdu. Adı üstündə: Dənizli. Türkiyə yığmasına tarixinin ən yaxşı nəticələrindən birini qazandıran təcrübəli çalışdırıcı eyni zamanda qardaş ölkənin nəhəng klubları ilə tarix yazmış birisidi. Ona görə də onun səviyyəsini müzakirə etmək, bacarığından şübhələnmək diletantlıq olardı. Mustafa bəy yapışdığını qoparan, işiylə iz qoyan, insanlığı ilə də gündəmdə oturan biridi.
 
Olayın təzadlı tərəfi də var. Yuxarıda sadaladığımız qeydlər Con Toşak üçün də keçərli idi, amma buradan hörmətdən salınaraq qovuldu. Bir az özü tənbəllik etdi, bir az da düşdüyü mühitdən baş aça bilmədi. Kəsəsi, uelsli də hay-hayla gəlib vay-vayla getdi. İndi Dənizli də eyni şərtlərə, eyni şəraitə boyun əysə, aqibəti Toşakkından fərqli olmayacaq. Amma çətin ki, o, “Xəzər Lənkəran” rəhbərliyinin hər çaldığı havaya oynasın.
 
Dənizli romantik, eyni zamanda əməksevər biridi. Vaxtilə bir qıza görə hər şeyi tullayan, karyerasını belə sual altında qoyan Mustafa bəy işləmək üçün aşağı diviziona getməyi belə gözardı etmir. Amma söhbət həqiqi işdən, konkret hədəfdən gedəndə Dənizli heç kimə güzəşt etmir. Necə ki, “Çaykur Rizəspor”u elitaya çıxardıqdan sonra istədiyi transferlər edilməyincə bu komandadan ayrıldı. Onun İran karyerası da eyni səbəblərdən tez bitdi.
 
İndi də Azərbaycan macərası başlayır. Lənkəranda ona həqiqətən istədiyi şərait yaradılsa, Dənizlinin hətta əldən çıxdığı düşünülən bu mövsümdə də nəsə qazanması mümkündü. Yox, onunla da Toşak kimi davransalar, o zaman qovulmasını gözləməyəcək, özü gedəcək. Həm də inamsızlığın başladığı gün.
 
Həmkarlarımın, ümumiyyətlə, futbol ictimaiyyətinin Dənizli haqda düşündüklərinin əksəriyyətinə qatılmıram. Onun istefaya erkən göndəriləcəyi, ümidləri doğrultmayacağı haqda deyilənlər əbəsdi. Türkiyəli yaradılacaq şəraitə görə maksimumu verə biləcək biridi. Bu izdivacda sual doğuran yeganə məqam Cənub klubu rəhbərliyinin onun etimadını doğruldub-doğrultmayacağıdı.
 
FƏRİD
Shares: