Con Benjamin Toşakın gedişindən sonra "Xəzər Lənkəran" baş məşqçi postunu Mustafa Dənizliyə həvalə edəcək. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis artıq Lənkəranda da olub.
 
Azərbaycan və Türkiyə mətbuatının iddiasına görə Lənkəran təmsilçisi Dənizli ilə 2 illik müqavilə imzalayacaq. Onun köməkçilərindən birinin isə Oğuz Çətin olacağı bildirilir. Guya türkiyəli mütəxəssis Emin Quliyevi, fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorreni, eləcə də qapıçılarla çalışan Hafiz Əliyevi komandada saxlayacaq.
 
Lakin Türkiyənin "NTV Spor" kanalı tam fərqli məlumat yayıb. Məlumatda "ağ-yaşıllar"ın türkiyəli ilə 1.5 illik müqavilə imzalayacağı bildirilir. Bundan başqa baş məşqçinin köməkçiləri də açıqlanıb. Belə ki, sonuncu iş yeri "Çaykur Rizəspor" olan Dənizlinin "Xəzər Lənkəran"dakı köməkçiləri Oğuz Çətinlə İbrahim Üzülməz olacaq. Cənubluların qapıçılar üzrə məşqçisi isə Zafer Öğer olacaq.
 
Qeyd edək ki, Üzülməz futbolçu karyerası ərzində "Karabükspor", "Qaziantepspor" və "Beşiktaş"da forma geyinib. "Beşiktaş"da olduğu müddətdə İbrahim Mustafa Dənizlinin başçılığı ilə meydana çıxıb.
 
Zafer Öğer "Dənizlispor", "Malatyaspor", "Beşiktaş" və Türkiyə yığmasının qapıçılar üzrə məşqçisi vəzifəsini yerinə yetirib.
 
2006-11-ci illərdə yığmada köməkçi məşqçi olan Çətin 3 il əvvəl qısa müddətə baş məşqçi əvəzi də olub. Çalışdırıcının son iş yeri isə ötən mövsüm çalışdırdığı aşağı dəstə təmsilçisi “Boluspor” olub.
Shares: