"Özümü millinin baş məşqçisi postunda görmürəm. Mənim cəmi 3-4 illik məşqçi təcrübəm var. Klubda işləmək olar, amma yığmada işləmək üçün uzun təcrübə lazımdı". Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Neftçi"nin keçmiş məşqçisi Tərlan Əhmədov deyib.
 
Gənc mütəxəssis əməkdaşımızla söhbətində milli haqda fikirlərini bildirib: "Millinin bu ilki göstəricilərini yaxşı hesab etmək olar. Nəzərə almalıyıq ki, yığma komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən son iki oyunda 4 xal topladı. Bununla da millinin xal hesabı 9 xala yüksəldi. Yoldaşlıq oyununa gəldikdə isə, bu cür oyunlar lazımdı. Heyəti formalaşdırmaq üçün yoldaşlıq oyunları keçirmək gərəkdi. Bəziləri deyir Qırğızıstanla oyun bizə lazım deyildi. Amma lazımdı. Qırğızıstan da bir ölkədi və futbolu var".
 
Bundan başqa Əhmədov Berti Foqts haqda da danışıb: "Millinin heyətinə nəzər yetirsək, gənclərin şansının artdığını görürük. Artıq bir neçə ildi ki, Foqts milliyə başçılıq edir. Tutaq ki, Foqts getdi və başqa məşqçi gəldi. Onun da heyət formalaşdırmağına bir neçə il lazım olacaq. Bu da uzun vaxt tələb edir. Mən Foqtsun getməyini istəməzdim".
Shares: