"Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədovun futbolinfo.az saytına müsahibəsi
– İlk öncə "Sumqayıt" – "Simurq" oyununda tribunada görünməyinizin səbəbi maraqlıdı. Hamı birincilərin baş məşqçi postuna gələcəyinizi düşündü…
– Bizi kursdan göndərmişdilər. "Sumqayıt"ın oyununda hərəyə bir mövzu düşmüşdü. Biz bütün kollektivlə həmin oyuna gəldik və hər kəs öz mövzusunu işlədi.
– Əksəriyyət hələ də sizin "Sumqayıt"a gələcəyinizi deyir…
– Xeyr, bu, kursla bağlı olan bir şeydi. Bunlar adi söhbətlərdi. Məndən başqa bütün kursun iştirakçıları orada idi. Bu, yanlış bir şeydi. Mətbuatda həmişə qıcıqlandırıcı məlumatlar gedir, amma mənim "Sumqayıt"a keçidimdən söhbət gedə bilməz. Aqil Məmmədov gənc, istedadlı məşqçidi.
– "Neftçi"dən ayrıldıqdan sonra hansısa bir klubdan təklif almısınız?
– Xeyr. Heç bir yerdən təklif yoxdu. Hələ ki, kursdayam. Kurs dekabrın 25-də başa çatacaq, ondan sonra baxarıq. Olsa olacaq, olmasa da dünyanın axırı deyil ki, həyat davam edir…
– Son turun "İnter" – "Neftçi" (3:1) qarşılaşması haqda da fikirlərinizi bilmək istərdik…
– Açığını desəm, oyuna baxa bilməmişəm. Çünki oyun gedən vaxt biz məşğələdəydik. Yolda eşitdim ki, "Neftçi" uduzub. Amma oyunun necə keçdiyindən xəbərim yoxdu. Bu, futboldu, hər şey ola bilər. Düşünmürəm ki, bir oyunla "Neftçi"də hər şey alt-üst olsun. Çempionluğa oynayan komandadı, marafon uzundu.
– Sizin gedişinizdən sonra "Neftçi"nin göstərdiyi nəticələr qaneedicidi?
– Bütün hallarda mən "Neftçi"nin uğuruna sevinmişəm. Böyük futbola orada başlamışam. Həmişə "Neftçi"nin irəlidə olmasını istəmişəm. Yaxşısına da desəm, pisinə də desəm, onsuz başqa cür yozulacaq. Mən kiminsə bədbəxtçiliyi üzərində xoşbəxtlik qurmamışam. Bu klub mənim üçün doğmadı. Ümumiyyətlə, bütün Azərbaycan klublarının uğurlarına sevinirəm. Qarşıda hələ oyunlar çoxdu. Arzu edirəm ki, "Neftçi" çempion olsun.
– "Neftçi"də işlədiyiniz zaman işinizə kənar müdaxilələr olurdu?
– Yox, mənim işimə heç kim müdaxilə etməyib. Bu cür söhbətlər var idi, lakin mən fikir verməmişəm.
– Sizcə, Böyükağa Hacıyev Nazim Süleymanovun işinə müdaxilə edir?
– Açığını desəm, mənim işimə müdaxilə edə bilməyib. Nazim müəllimlə bilmirəm, öz aralarında olan söhbətdi. Hər halda baş məşqçinin işinə heç kim qarışmamalıdı. Düzdü, kənardan söz-söhbətlər eşidirdim, amma bunlara fikir vermirdim. Qulağıma söz-söhbətlər çatırdı ki, hər hansı işi görmək lazımdı. Lakin mənim öz ağlım, öz fikrim var. Mən onun əsasında iş görürdüm.
– "Neftçi"dən növbəti təklif gəlsə, qəbul edərsiz?
– Təklif gəlsə, təbii ki, qəbul edərdim. Amma yaxın zamanlarda inanmıram ki, belə bir şey olsun.
– Komandadan ayrılmağınız Superkubokun nəticəsinə görə oldu, yoxsa həmin oyun səbr kasasını daşıran son damla idi?
– Mən orada işlədiyim vaxtda yerimə başqasının gələcəyini bilirdim. Çünki bir dövrə başa çatır və sən baş məşqçi təyin olunmursansa, deməli, sənin əvəzinə kimsə gələcək. Mən bunu yaxşı bilirdim. Sadəcə, rəhbərlik uğursuzluq olmasını gözləyirdi. Mən kimin gələcəyini təxmin etmişdim. Fikrimdə də yanılmadım, lakin bunu demək olmur.
– Böyükağa Hacıyevin gedişindən sonra Tahir Süleymanov Tərlan Əhmədova özünü sübut etmək üçün 6 oyunluq şans verildiyini bildirmişdi. Bu müddət ərzində siz rəhbərliklə danışmışdınız?
– Biz baş məşqçiliyin təsdiq olunması barəsində heç bir söhbət aparmamışıq. Niyə dedilər, niyə yerinə yetirmədilər – bu, onların öz işləridi. Mənim heç bir şeydən xəbərim yoxdu. Bu barədə xəbərlər qulağıma çatmışdı, amma heç bir söhbət olmamışdı.
RÖVŞƏN ƏHLİMANOĞLU






