Mustafa Dənizli çapda bir mütəxəssisin təyinatı xüsusilə Azərbaycan kimi üçüncü dünya və üçüncü dərəcəli futbol ölkələrində ajiotajsız ötüşə bilməzdi. Hərə bu dəvəti müxtəlif yönlərə yozur, amma Azərbaycan futbolu Dənizliyə qədər inkişafının ayrı-ayrı mərhələlərində fərqli dünyagörüşü, təcrübə və xarizmaya malik türkiyəli məşqçilərin fəaliyyətinə şahidlik edib. Onların əksəriyyəti “Qalatasaray”, “Fənərbağça” və ya “Beşiktaş”ı çempion etmək bir yana, Superliqada işləmək təcrübəsinə malik olmayıb, məvacibləri milyonlarla ölçülməyib, amma bir iz qoyub getməyi bacarıb. Hərçənd… hamısı yox.
Bu yazıda onlardan üç ən məşhuru barədə danışacağıq.
(Uzun dilli) Naci Şensoy
Naci Şensoya çox böyük güzəştlə “türkiyəli məşqçi” demək olar. Serbiyada (Kosovo – Serbiya torpağıdı) doğulan, Bolqarıstan vətəndaşı və hətta bolqar ad-soyadı olan Naci Şensoyu türk edən iki əsas cəhət var: danışdığı dil və impulsiv xarakter. Azərbaycan futbolunda onun qədər həqiqətləri deyən ikinci əcnəbi çalışdırıcı tapmaq çətindi; məhz elə dili də Şensoyun Azərbaycan karyerasını erkən bitirən əsas amil oldu. Düzdür, 2005-ci ildə “Turan”ın pulu qurtardı, 2011-ci ildə Musa Süleymanovun pul verən əli “cibində ilişib qaldı”, amma Naci hər zaman çoxlarına sərf etməyən həqiqətləri söyləyirdi və buna görə də başı bəlalar çəkirdi. Elə indiyədək də Azərbaycanda pulu qalıb və onu ala bilmir. Həmçinin məhz bu səbəbdən də köklü “Turan”ı indi I divizionda “Turan-T” adlı qəraib komanda əvəzləyir.
Ona hədsiz potensiala malik məşqçi demək çətindi, amma Şensoyu özəlləşdirən bir məqam var: o, Azərbaycanda, özü də futbolun pulsuzluqdan əziyyət çəkdiyi dövrdə çalışmış ilk əcnəbi mütəxəssisdi.
Rasim (üzü) Kara
Onu necə qarşılayırdıq! 2004-05-ci illərdə Azərbaycan futbolunu yaxından izləməyənlər ozamanlar Rasim Karanın “Xəzər Lənkəran”a transferinin necə hadisə olduğunu təsəvvür etmək istəyirsə, sosial şəbəkələri və interneti açsın, Dənizlinin gəlişi və bu xəbər ətrafında yaşananlara baxsın.
“Beşiktaş”ın və Türkiyə millisinin sabiq futbolçu və məşqçisi, Zepp Piontek və Fatih Terimin sabiq köməkçisi, Türkiyə futbolu üçün böyük ad… Ozamanlar bir az gənc və təcrübəsiz idik; Karanın gəlişinə sevinib onun 1998-ci ildən bu yana öz vətənində doğru-düzgün iş tapmamasını və “Xəzər”ə qədər sonuncu iş yerinin buzüstü xokkey ölkəsi Kanadanın futbol çempionatında çalışmasını qulaqardına vururduq. Üstəlik, Lənkəran klubunu da ilk mövsümdəcə “Qızıl oyun”a daşıması Karanı Azərbaycan futbolu üçün böyük məşqçiyə çevirirdi. Amma hər uşaq günlərin bir günü böyüyür və anlayır ki, valideynləri də adi, sıradan insanlardır. Rasim Kara pulun olduğu, səviyyənin isə olmadığı yerdə şah idi. Amma hər ikisinin olduğu yerdə şərti Məmmədov, Hüseynov və Məmmədhüseynovdan heç nə ilə seçilmədi. İstər məşqçilik, istərsə də alverçilik bacarığına görə.
Bülənt (heç kəsdən) Korkmaz
Xronoloji ardıcıllığa qalsa, Şensoy və Karadan sonra Fuat Yaman adlı şəxsdən danışmalı olacaqdım. Amma “Karvan”a cəmi üç rəsmi matçda başçılıq edən və Azərbaycan fəaliyyətinə “Mahirlə mən nə edim” sualı ilə yekun vurmuş birisi barədə uzun-uzadı nə yazım? Vaxtilə “Beşiktaş”da… Toşakın köməkçisi olsa da belə.
Bülənt Korkmaz isə ayrı məsələ. O nə Şensoydu, nə Kara; amma yamandı! O, Bülənt kapitan idi: Türkiyə və Azərbaycanda uşaqdan-böyüyə milyonların özünə kumir seçdiyi futbolçu. Əlbəttə, “hər böyük futbolçudan böyük məşqçi olmaz” deyimi var və bu deyim Korkmazın da karyerası boyunca özünü doğruldur. Ancaq istənilən halda, bu çapda şəxsiyyətin, sonuncu iş yeri “Qalatasaray”ın baş məşqçi (!) postu olmuş birinin “Bakı”nın sükanı arxasına gətirilməsi ölkə üçün hadisə idi.
Gəldi, gördü, uyğunlaşdı, başladı… Nəticədə bu macərə bir neçə ay çəkdi; Bülənt günlərin bir günü futbolçuların rəhbərlərdən birinin hüzuruna ondan icazəsiz çağırılmasını özünə qarşı hörmətsizlik hesab edib istefa ərizəsini yazdı. Öz ilə elmi işçi kimi gətirdiyi Cüneyt Biçər adlı personaj isə elə həmin mövsüm “Bakı”ya Azərbaycan kubokunu qazandırdı və bununla da ölkəmizdə çalışmış türkiyəlilər arasında titul qazanmış yeganə məşqçiyə çevrildi.
Bax, bu ölkədə çempion olmaq bu qədər asandı. Vicdanla işləyib vicdanla pul qazanmaq və təmiz ad qoruyub-saxlamaq isə bu qədər çətin. Dənizlinin nəzərinə…
RÜSTƏM ƏFSƏRLİ





