Futbolinfo.az-ın budəfəki qonağı “Simurq”un “Yenilməz batalyon” azarkeş qrupunun fəal üzvü İnqilab Soltanovdu. Onun fikirlərini monoloq şəklində təqdim etməyi məsləhət bildik:
"Son iki ilə qədər Zaqatalada heç vaxt fan-klub olmayıb. Bizdə sadəcə, “Simurq”un ev oyunlarında güclü azarkeş dəstəyi olub. Çünki bizim rayonda futbolu çox sevirlər. Səfər oyunlarına isə – “Daşqın” komandasının vaxtında – ancaq mən gedirdim. O vaxt “Daşqın” Salyanda oyuna çıxmalı idi. Ancaq oyunöncəsi futbolçumuz xəstələndi. Baş məqşçimiz Şaban Şirdanov məni güclə meydana buraxdı və dedi ki, sən Zaqatalanın şərəfini qorumalısan. O oyunda iştirak etdiyim üçün özümü çox xoşbəxt hesab edirəm. Çünki orada mən həmyerlim Qurban Qurbanov ilə birgə oynamışdım. Həmin vaxtlar onu heç kim tanımırdı. Fəxr edirəm ki, Qurban qardaşım bu gün Zaqatalanı şərəflə təmsil edir.
2005-ci ildə “Simurq” klubu yaradıldı. Həmin vaxtlar oyunlar Qaxda keçirilirdi. Qax yaxın olduğu üçün həmin oyunlara azarkeşlər çox gedirdi. Ancaq çox insanlar “Simurq” klubunu sevmirdi. Çünki “Daşqın”ı unuda bilmirdilər.
Zaqatalada yeni stadion tikildikdən sonra “Simurq”un ev oyunları burada keçirildi. Stadion azarkeşlərlə dolu olurdu. Ancaq səfər oyunlarına heç kim getmirdi. İlk vaxtlar ancaq mən gedirdim, sonra 4-5 nəfər artdı. Sonra bizə Bakıda yaşayan zaqatalalılar dəstək oldu və sayımız artmağa başladı. Bütün xərclər də öz hesabımıza olub.
Bəzi fan-klublar, klubdan dəstək olmadığını vurğulasalar da, “Yenilməz batalyon”un bütün xərcləri “Simurq” tərəfindən qarşılanır. Anar Bəkirov kluba president gəldikdən sonra azarkeşlərə qayğı göstərildi. İndi bütün səfər oyunlarına Anar Bəkirovun tapşırığı ilə iki avtobus ayrılır və bütün xərclər klub tərəfindən qarşılanır. Buna görə Anar Bəkirov və vitse-prezident Fərhad Əfəndiyevə minnətdarıq. Bizim “Yenilməz batalyon” fan-klubumuz iki ildi fəaliyyət göstərir. Rəhbər Maksud Xeyrulladı, köməkçisi isə Yusif Abbaszadə. Mən isə “Simurq” azarkeşlərinin “ağsaqqal” ləqəbli İnqilab dayısıyam.
“İnter”lə “qardaşlıq” söhbəti artıq keçmişdə qalıb. Vaxtı ilə bu işlər olub və biz, mətbuat nümayəndələri buna öz fikirlərini bildirib. Ancaq son iki ildə bu işlərə son qoyulub. Anar Bəkirov biz azarkeşlərlə görüşündə dedi ki, “Nə qədər ki, mən varam, “Simurq” heç vaxt heç kimə xal verə bilməz”. Gördüyünüz kimi, iki ildə “İnter”lə altı oyunda üç qələbə qazanıb, bir dəfə heç-heçə etmişik.
Şəxsən mən “qardaşlıq” məsələsinə inanmıram və inanmaq istəmirəm. Çünki bizim futbolumuz elə bərbad haldadı ki, “Simurq” və “İnter” olsa da, olmasa da, Azərbaycan futbolu Qırğızıstanın, Lüksemburqun səviyyəsindən yuxarı qalxa bilməz. Çünki Azərbaycanda futbol yoxdu. Futbolu sevmədən yaxşı pul qazanan insanlar var.
Azərbaycan klublarının bütün azarkeşləri istəyir ki, bizdə güclü futbol olsun. Mətbuat da bunun üçün çox çalışır. Ancaq futbolumuz elə bir qüvvənin əlinə düşüb ki, hələ 30 il də bu vəziyyətdə qalacaq. Azərbaycan futbolunda kökündən islahatlar aparılmasa, biz heç vaxt futbolumuzla fəxr edə bilməyəcəyik".
RÖYA KƏRİMLİ





