Topaz Premyer Liqasının 14-cü turunda keçirilən "İnter" – "Neftçi" (3:1) qarşılaşmasını idarə edən Rəhim Həsənov cəzalandırılıb. Bu barədə futbolinfo.az saytına açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Düzdü, o, cəzanın konkret verilməsini və hansı müddəti əhatə edəcəyini söyləməyib. Amma dediklərindən Həsənovun cəzasız qalmadığı anlaşılır. Bunu, Rəhimin növbəti tura təyinat almaması da göstərir:
"Həmin oyunda hakim səhvləri olub. Bunu heç kim inkar etmir. Bu barədə ölçü götürülüb. Flavinyoya verilən qırmızı vərəqə qaydalar çərçivəsində olub. Biz cəza haqqında heç kimə məlumat vermirik. Bu, birmənalı olaraq belədi. Əgər hakimin səhvləri varsa, bir neçə saatdan sonra layiqli tədbir görülür. Biz heç kimin təzyiqindən sonra qərar vermirik. Ola bilsin, paytaxt derbisindəki idarəçiliyinə görə Rəhim Həsənov cəzalandırılıb. Amma UEFA-nın tövsüyyəsinə uyğun olaraq bu barədə mətbuata məlumat verilmir".





