"Sumqayıt"ın düşərgəsini daha bir futbolçunun tərk etdiyi barədə xəbərlər yayılıb. Futbolinfo.az xəbər verir ki, söhbət Vurğun Hüseynovdan gedir.
 
Görünür, komandanın sonuncu pillədə qərarlaşması və futbolçuların maaşlarının vaxtında verilməməsi bu komandada hələ çox yarpaq tökülməsinə səbəb olacaq. Bəs görəsən, milli komandamızın müdafiəçisinin "gənclik şəhəri" təmsilçisindən gedənlərin sırasına qoşulmasında səbəb nədi?
 
Saytımıza açıqlama verən Hüseynov məsələ ilə bağlı bunları bildirdi: "Mənim "Sumqayıt"la iki illik müqaviləm var. Hazırda komandanın gələcək oyunları haqqında düşünürəm. Başqa klublardan transfer təklifləri var. Transfer təkliflərinə klub rəhbərliyi ilə görüşdükdən sonra münasibət bildirəcəm. Rəhbərlik icazə versə, gedəcəm. Hər şey klub rəhbərliyindən asılıdı. "Sumqayıt"dan tam ayrıldığım barədə xəbərlər doğru deyil".
 
Məsələ ilə bağlı "Sumqayıt"ın mövqeyini də öyrəndik. Klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirdi: "Vurğunun komandamızdan ayrılması tamamılə yanlış xəbərdi. Hüseynovla iki illik müqaviləmiz var. Biz Vurğunu komandadan göndərmək fikrində deyilik. Hər hansı bir klub Hüseynovu transfer etmək istəsə, bu məsələyə qayıtmaq olar. Vurğun hazırda komandamızın düşərgəsindədi. O, heç bir yerə getməyib".
 
Məlumat üçün qeyd edək ki, "Sumqayıt"da qış fasiləsi start götürməmiş müdafiəçi Zaur Həşimov və hücumçu Vüqar Əsgərov klubla yollarını tam ayırmağa qərar verib.
Shares: