“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Premyer Liqanın ilk dövrəsinin yekunları ilə bağlı fikirlərini paylaşıb. Futbolinfo.az xəbər verir ki, rusiyalı məşqçi klub saytına müsahibəsində ilk dövrənin nəticələrindən razı qalmadığını bildirib:
“Əgər çempionatın startınadək desəydilər ki, siz ilk dövrədən sonra 16 xalla 3-cü yerdə qərarlaşacaqsınız və liderlə cəmi 2 xal fərqiniz olacaq, mən bundan razı qalardım. Çünki komandamız yeni formalaşırdı, çoxlu yeni futbolçularımız var idi, kollektiv komplektləşməmişdi. Amma hazırda ilk dövrənin nəticələrindən razı deyiləm. Çünki çox yersiz xallar itirdik. Xal itirdiyimiz oyunlarda yalnız “Neftçi” bizi üstələdi. Düşünürəm ki, digər bütün oyunlarda qalib gəlməliydik”.
Syomin Premyer Liqanın səviyyəsi barədə fikirlərini də açıqlayıb:
“Premyer Liqada çıxış edən bütün rəqiblərimizlə qarşılaşdıq. Rəqiblərimizin oyun planında məni təəccübləndirən, gözlənilməz olan hər hansı bir halla rastlaşmadığmı söyləyə bilərəm. Sadəcə bəzi oynlarda var gücümüzü ortaya qoya bilmədik. Buna misal olaraq, “Sumqayıt” və “Simurq”la qarşılaşmaları göstərə bilərəm. Tam gücümüzlə çıxış etməməyimizdə rəqiblərimizin də rolu böyükdür. Onlar artıq bizi güclü rəqib kimi qəbul edir və futbolçularımıza qarşı xüsusi tədbirlər görürlər. Bəzi yeni futbolçularımıza elə gəlirdi ki, Azərbaycan Premyer Liqası əvvəl oynadıqları çempionatlarla müqayisədə daha zəifdi və onlara qarşı güclü rəqabət olmayacaq. Halbuki Azərbaycan çempionatı yetərincə güclü və gərgin mübarizə şəraitində keçən birincilikdir. Burada güclü məşqçi və futbolçulardan ibarət kollektivlər var. Artıq rəqiblərimizi və mübarizə apardığımız turniri tanıyırıq. Bu da o deməkdir ki, ikinci dövrədə həm münasibətdə, rəqiblərimizə qarşı mübarizədə daha diqqətli olmalıyıq”.
Komandanın hazırkı durumundan və 10-cu turda baş tutacaq “İnter”lə matçın hazırlıqlarından söz açan Syomin qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
“Hazırda komandanın durumu çox yaxşıdı. Turnir cədvəlindəki yerimizi də yaxşı saya bilərik. Rəhbərliyin komandaya münasibəti də yüksək səviyyədədi. İstədiyimiz şərait yaradılıb, işimizə mane olan yoxdu. Qarşıdakı oyunlarda hər şey özümüzdən asılı olacaq. Ümid edək ki, yığma komandalar göndərdiyimiz futbolçular sağlam formada Qəbələyə dönəcəklər. Biz də komplekt şəkildə yolumuza davam edəcəyik. O ki, qaldı “İnter”lə oyuna komanda qarşılaşmaya ciddi hazırlaşır. Mənə rəqibin necə oynadığı deyil, bizim necə oynayacağımız maraqlıdır. Təbii ki, rəqibin oyununu analiz edirik və ciddi yanaşırıq. Ən əsası isə bizim tam gücümüzü nümayiş etdirməyimizdir. Əgər bunu bacarsaq, bizim üçün qorxulu rəqib yoxdu”.