Futbol üzrə Şimali İrlandiya yığmasının qapıçısı Alan Mannus DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla Bakıdakı oyuna çağırılmasına rəğmən, yığmamızla görüşdə meydana çıxmamasını yada salıb. Futbolinfo.az xəbər verir ki, Şotlandiyanın "Sent Conston" klubunda forma geyən 31 yaşlı qolkiper Böyük Britaniya mətbuatına müsahibəsində bunları vurğulayıb:
 
"Əslində, baş məşqçimiz Azərbaycan və İsraillə oyunlara çağıranda "mənə lazımsan" demişdi. Oyundan qabaq mənimlə danışığında bildirdi ki, "İsrail və Azərbaycan səfərləri çətin olacaq. Buna görə də seçim etmək məcburiyyətində qalmışam. Lakin heç bir fikrim yoxdu". Bakıdakı görüşdə forma geymədim. İsraillə oynamamışdan qabaq mənə dedi ki, "bu qarşılaşma Azərbaycanla oyundan fərqli olacaq. Amma həmin oyunda da ehtiyatda qalmalı oldum".
 
Maraq üçün xatırladaq ki, Mannus həm yığmamızla görüşdə (0:2), həm də İsraillə qarşılaşmada (1:1) ehtiyatda qalmışdı. Baş məşqçi Maykl O`Nil həmin görüşlərdə Roy Karolla güvənmişdi.
 
Sonda onu da bildirək ki, Mannus Şimali İrlandiya yığmasında cəmi 5 oyun keçirib.
 
SEYMUR
Shares: