"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Tural Cəlilovun futbolinfo.az saytına müsahibəsi
 
– “Xəzər Lənkəran” yenə qələbə qazana bilmədi…
– Oyuna yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, pis oyun sərgiləmədik. Əlimizdən gələnin ən yaxşısını etdik ki, qalib gələk və 3 xal qazanaq.  Amma sonda yenə 2 xal itirdik. Sanki bəxt bizdən tamamilə üz döndərib.
 
– Start heyətdə meydana çıxacağınızı gözləyirdiz?
– Məşqlərdə bu, hiss olunurdu. Covanni Melkiorrenin mənə ilk “11-lik”də şans verəcəyini gözləyirdim.
 
– Artıq “Xəzər Lənkəran” azarkeşləri “bəxt bizdən üz döndərib” sözlərini qəbul etmirlər…
– Azarkeşlər nə desələr, haqlıdılar. Komanda qələbə üçün hər şeyi edir, amma sonda qapıya dəqiq zərbə vura bilmirik. Bunun üzərində komanda şəklində işləməliyik.
 
– Düşünümürsüz ki, artıq “Xəzər Lənkəran” Premyer Liqada ilk “3-lüy”ə düşmək şansını itirib?
– Real baxsaq, çox çətin görünür. Amma qarşıdakı 21 oyundan ən azı 20-sini qələbə ilə başa vura bilsək, bəlkə o zaman mükafatçılar sırasında yer ala bilərik. Bu da hardasa inandırıcı deyil. Komanda özünə gəlməlidi. Komandaya yeni məşqçi gəlir. Çox şey ola bilər.
 
– Penalti qaçırmağınız komandanıza nə dərəcədə təsir etdi?
– Əlbəttə, penaltidən istifadə edə bilməməyimiz komandaya psixoloji cəhətdən pis təsir etdi. Junior Nildo onu qola çevirsəydi, biz daha rahat oynayacaqdıq və qalib gələ bilərdik. Amma penaltini vura bilmədik, ardınca qapımızda qol gördük. Bunlar hamısı oyunumuza təsir etdi. Düzdü, hesabı bərabərləşdirdik, amma qələbə qolunu vura bilmədik.
 
– Artıq növbəti həftə yeni məşqçi ilə meydana çıxacaqsız. Sizcə, yeni məşqçi bu heyətlə son 3 oyunda uğur qazana biləcəkmi?
– Fasiləyə kimi 3 oyunumuz var. Yəqin ki, 3 oyundan sonra yeni məşqçi yeni futbolçular gətirəcək, boşluqlari dolduracaq. Onun da komanda haqqında yeni fikirləri, planları olacaq.
 
– Demək olarmı ki, “Xəzər Lənkəran” avrokuboklara çıxmaq üçün bütün ümidini yalnız Azərbaycan Kubokuna bağlayıb? Qarşıda “Neftçala” ilə oyun var…
– Kubok bizim üçün avrokuboklara çıxmaq baxımından ən rahat yoldu. “Neftçala” ilə oyunda qalib gəlməliyik.
 
ELSEVƏR
Shares: