"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi
– Başlayaq milli komandanın oyunlarından. Estoniya ilə oyunda yığmamız erkən qol vursa da, nəinki hesabı qoruya bildi, hətta məğlub oldu…
– Estoniyaya qarşı zəif oynamadıq. Bunun göstəricisi idi ki, elə hesabı açdıq. İlk hissədə demək olar ki, rəqibimizi hər şeydə üstələdik. Fasiləyə qalib yollandıq. İkinci yarıya da pis başlamadıq. Amma rəqib əlinə düşən imkandan daha yaxşı yararlandı. İki real qol vəziyyəti yaratdılar və qol vurdular. Ona görə də bu oyunda məğlub olduq.
– Qırğızstanla oyunda da komandamız heç-heçə etdi. Futbolçularımızın əksəriyyəti stadionun vəziyyətindən narazılıq edirdi…
– Mən karyeram boyunca belə stadionda futbol oynamamışdım. Demək olar ki, "beton"un üzərində futbol oynayırdıq. Çox bərbad vəziyyət idi. Amma bunları bəhanə gətirmək lazım deyil. Əlimizdə o qədər imkanlar oldu, istifadə edə bilmədik. Biz həmin oyunda böyük hesabla da qalib gələ bilərdik. Alınmadı.
– Bəlkə milli komanda oyunlara yaxşı motivasiya ola bilməmişdi?
– Yox, milli komanda formasını geyinərkən motivasiya söhbəti ola bilməz. O forma altında ancaq meydana qələbə üçün çıxırıq. Fərq etməz ki, bu yoldaşlıq oyunudu və ya rəsmi matçdı. Biz o formanın haqqını verməliyik.
– Keçək “Xəzər Lənkəran”a. Artıq azarkeşlər üsyan həddinə gəlib çıxıblar…
– Azarkeşləri çox yaxşı başa düşürəm. İnanın ki, mən də onların vəziyyətdəyəm. Onlar öz komandalarını bu yerdə görməyə alışmayıblar. Amma onlar da bizi başa düşsünlər. Biz hansı komandada oynadığımızı bilirik və meydana ən yaxşısını etmək üçün çıxırıq. Alınmır. Yaxşı oynayırıq, uduzuruq, pis oynayırıq, uduzuruq. Sanki komanda tilsimlənib. Artıq komandaya yeni məşqçi də gəlib. Çalışırıq bu vəziyyətdən çıxaq. İnanıram ki, bu vəziyyətdən çıxacağıq.
– “Xəzər Lənkəran” ilk mövsümdü ki, bu qədər böyükhesabla məğlub olur. Futbolçular tutduqları pilləyə, bu məğlubiyyətlərə baxıb nə düşünürlər?
– Heç kim meydana bu uğursuzluqlar üçün çıxmır. Heç bir futbolçu stadiona vaxt keçirmək üçün çıxmır. Oyunumuz alınmır. Nəsə dəyişikliyə ehtiyac var. Biz də bu uğursuz zolaqdan çıxmağın yollarını axtarırıq. İnanırıq ki, bütün bunlar keçəcək.
– Con Toşak kimi böyük məşqçi “Xəzər Lənkəran”da uğur qazana bilmədi. Sizcə, onun uğursuzluğuna nə səbəb oldu?
– Bu, olan şeydi. Bütün uğurlu məşqçilər hər işlədiyi komandada eyni nailiyyəti təkrarlaya bilmir. Toşak adlı-sanlı məşqçi idi. Düşünürəm ki, o bizim mentalitetə, futbolumuza uyğunlaşa bilmədi.
– Toşakı daha çox səhv transfer siyasətinə görə qınayırdılar…
– Bəlkə də başqa futbolçular almalı idi. Tural Cəlilovu Elnurun yerində oynadıb Skarlatakeni öz doğma mövqeyinə çəkə bilərdi. Bunların hamısı Toşakın qərarı idi. Mən bu barədə dəqiq nəsə deyə bilmərəm. O ki qaldı heyətə, biz heç bir komandadan geri qalmırdıq. Oyunçularımızın gücünə görə heç bir komandaya uduzmurduq. Bunu daha yaxşı rəhbərlik bilər.
– Mustafa Dənizlinin karyerası haqqında məlumatınız var?
– Var. Bilirəm ki, Türkiyənin böyük komandalarında oynayıb, məşqçi kimi böyük uğurlar qazanıb.
– Mustafa Dənizli artıq “Xəzər Lənkəran”la rəsmi müqavilə imzaladı. Yanvar fasiləsinə qədər 3 tur var. Türkiyəli məşqçinin əlində isə Toşakın qurduğu heyət var. Sizcə, Dənizli komandanı bu 3 turda uğura daşıya biləcək, yoxsa transfer pəncərəsini gözləməlidi?
– Eyni heyət olsa da, hər məşqçinin öz futbol fəlsəfəsi var. Onun da bu heyətlə bağlı planları olacaq. Toşakın dövründəki uğursuzluq o demək deyil ki, indi də uduzmalıyıq. Biz də inanırıq ki, yeni məşqçi komandanın durumunu yaxşılaşdıracaq. Kubokla birgə 4 oyunumuz var. Uğur qazanmaq istəyirik. Bu 4 oyunda uğur qazanmalıyıq ki, yeni ildən sonra şanslarımız qalsın.
– Komandanın hələ də mükafatçılar sırasına düşməsinə ümidiniz var?
– Liderlə 16 xallıq fərq var. Ümid sonda ölür. Ümidimiz hələ də itməyib. Hər şey ola bilər.
– “Xəzər Lənkəran”ın avrokuboklara ən asan yolu Azərbaycan Kubokundan keçir. Demək olarmı ki, komanda əsas diqqətini məhz bu turnirə yönəldəcək?
– Komandamız həmişə eyni mövsümdə həm kubok üçün, həm də çempionluq üçün mübarizə aparıb. Biz kuboka da diqqətimizi yönəldəcəyik, amma Premyer Liqanı da yola verməyəcəyik. Hər iki turnirdə maksiumum nəticə üçün döyüşəcəyik.
– Adrian Pit əsas heyətə qayıtdı. Toşakla rumın yarımmüdafiəçi arasında nə baş verdiyini siz daha yaxşı bilirsiz. Pit yenidən “Xəzər Lənkəran”a kömək edə biləcəkmi?
– Pit səviyyəli futbolçudu. Onunla Toşak arasındakı problemin səbəbini bilmirəm. Hər məşqçinin öz iş üslubu var. Ola bilər ki, Pitin oyunu uelsli məşqçinin futbol fəlsəfəsinə uyğun deyildi. Pit artıq bizimlədi. AZAL-la oyunda da yaxşı oynadı. İnanıram ki, yenidən bizə kömək edə biləcək.
– “Xəzər Lənkəran” bu mövsüm qazandığı penaltiləri boşa verir. Nildo 2 dəfə, Etame də bir dəfə bu şansı qaçırıb. Niyə 11 metrlik zərbələr zamanı topa siz yaxınlaşmırsız?
– Nildonu başa düşürəm. O çoxdandı ki, qol vura bilmir. İstədi ki, istifadə edib bir az özünə gəlsin. Özünəinamını qaytarmaq istəyirdi. Meydanda mübahisə etmək olmur. Dedi ki, mən vurum, razılıq verdim. Əslində özüm də istəyirdim ki, o qol vursun. O da qismətdi, alınmadı.
– AZAL-la oyundan sonra çox əsəbi görünürdüz. Oyundan sonra soyunub geyinmə otağında futbolçulara nəsə dediz?
– Düzdü, onlara sözlərimi dedim. Amma nə demişəmsə, orada qaldı. O komandanın içində olan söhbətdi.
– “Qarabağ”a keçmək barədə məlumatlar var. Yayda “Xəzər Lənkəran”la müqavilənizin müddəti bitir…
– Hələ ki, belə bir şey yoxdu. “Xəzər Lənkəran”la maya qədər müqaviləm var. Buna görə də “Xəzər Lənkəran”dayam və bu komandaya kömək edəcəm.
ELSEVƏR





