“Bakı” 14 yaşadək futbolçulardan ibarət komandasını Madridə göndərməyə hazırlaşır. Bu barədə futbolinfo.az saytına müsahibəsində klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.
 
Onun sözlərinə görə, sözügedən komanda dekabrın 5-də İspaniyaya yola düşəcək. Heyətdə 24 futbolçunun yer alacağı gözlənilir. Paytaxt təmsilçisinin 14 yaşlıları klubun əməkdaşlıq etdiyi Madrid “Atletiko”sunun düşərgəsində toplanış keçəcəklər. Toplanış çərçivəsində "Bakı"nın Madrid klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunu keçirməsi də nəzərdə tutulub.
 
Qeyd edək ki, hazırda “Bakı”nın 5 yeniyetmə futbolçusu “Atletiko”nun düşərgəsində məşq edir. Onlar 3 il ərzində bu klubda təlim-tədris almaqla yanaşı, futbolun sirrlərinə yiyələnəcəklər.
 
Seyidovun verdiyi digər məlumata görə, klubun U-19 komandası da Fransaya yollanacaq. Onlar da "Bakı"nın bu ölkədəki əməkdaşı "Lans"ın düşərgəsinə toplanış keçəcəklər. Hazırlıq prosesi çərçivəsində U-19-un "Lans"ın müvafiq yaş qrupundan ibarət komandası ilə sınaq matçlarına çıxması nəzərdə tutulub.
 
Sonda onu da xatırladaq ki, bu yaxınlarda "Bakı"nın U-14 komandası da “Lans”ın düşərgəsində toplanışda olmuşdu.
Shares: