Premyer Liqanın son turu hakim səhvləri baxımından zəngin oldu. Yəqin ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov yenə bunların qərəzli olmadığını, yalnız səhv olduğunu bildirəcək. Ancaq fakt odu ki, bu səhvlərin sayı çoxdu. Turun 5 oyununun ikisində ciddi narazılıq varsa, deməli, hakimliklə bağlı vəziyyət qənaətbəxş deyil.
RƏVAN – QƏBƏLƏ
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Nahid Əliyev, Feyzulla Feyzullayev.
Bu matçla bağlı xırda bir qüsur belə görə bilməzsiz. Düzdü, ola bilər ki, hansısa səhv gözümüzdən yayındı, amma bu da nəticəyə təsir etmədi. Vüsal Əliyev inkişafına ümid etdiyimiz gənclərə meydanda nümunə göstərdi.
XƏZƏR LƏNKƏRAN – AZAL
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov.
Düzdü, AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun oğlunun başçılıq etdiyi briqada nəticəyə təsir edən səhvə yol vermədi. Amma onun meydan sahiblərinə simpatiyası aşkar hiss olunurdu. Peçəkar Futbol Liqası bunun səbəblərini araşdırsa, yaxşı olar.
SİMURQ – QARABAĞ
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov.
Gənc hakimlərimizin üzünü ağ edən Əliyar Ağayev növbəti dəfə ümidləri doğrultdu. Matçdan sonra heç kimin hakimlikdən narazılıq etmədiyi üçün bu qənaətə gəlmirik. Oyunun gedişi də göstərdi ki, FİFA referisi oyuna nəzarəti əlində saxlamaq üçün lazım olan bacarığa malikdi.
SUMQAYIT – NEFTÇİ
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov.
Zənnimcə, hakim səhvlərinə görə turun matçıdı. Xaqani Məmmədovun zənglərimizə cavab verməməsindən hiss olunur ki, bu yazı komputerin yaddaşına köçürülərkən AFFA-da da Fariz Yusifon məhkəməsi gedirdi. Birvaxtlar idarəçiliyinə qibtə etdiyimiz, karyerasının sonu yaxınlaşdıqca isə “xaltura” edən sabiq FİFA referisi tezliklə fitini yerə qoymasa, bu gedişlə onu da zurna-qavalla yola salacaqlar. Çünki o, son turda PFL-i və Hakimlər Komitəsini tənqid hədəfi edən səhvlərə yol verdi.
PFL prezidenti Ramin Musayev Yusifovun Sumqayıtda qərəzə yol vermədiyini, hər iki tərəfin lehinə səhvə yol verdiyin bildirməsi isə elə bu hakimin işinə mənfi qiymət verilməsi deməkdi. Fariz öncə “Sumqayıt”ın əllə vurduğu qolu hesaba aldı ki, oyun 1:1 hesabıyla başa çatacağı halda “Neftçi”nin AFFA-nın qapılarını təpiklə döyəcəyi aydın idi. Belədə Yusifovun dadına İqor Mitreskinin qələbə qolunu vurması çatdı. Onun son dəqiqələrdə top Erik Ramosun əlinə dəyərkən qonaqların qapısına penalti təyin etməməsi isə “Sumqayıt”n vurduğu qolu hesaba alarkən etdiyi günahın yuyulması üçün idi. Beləliklə, Yusifovun etdiyi səhvlərə görə hesab bərabər olsa da, qüsurları hər iki tərəfi narazı saldı və bu, Hakimlər Komitəsinə başağrı gətirdi.
BAKI – İNTER
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
Paytaxt derbisinin hakimlərinin çox ciddi, nəticəyə təsir edən səhvləri olmadı. Amma onların meydan sahiblərinə azacıq rəğbəti hiss edilirdi. Bəlkə elə buna görədi ki, Baçana Sxadadzeyə qarşı vəhşilik edən, ona bilərəkdən dirsək zərbəsi endirib həyatını təhlükə altına atan Ettoya qırmızı vərəqə göstərilmədi. Halbuki daha sadə epizoda görə “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo “İnter”lə görüşdə meydandan qovulmuşdu. Bu isə ikili standartdı və qəbuledilməzdi. Bəlkə də Hakimlər Komitəsinin səhvi ümumiyyətlə, bu matçı Orxan Məmmədova tapşırmaq idi. Çünki o, ötən həftə I divizionda baş tutan “Qaradağ Lökbatan” – “Neftçala” matçını çox bərbad idarə etmişdi və belə vacib oyuna təyinat almağa layiq deyildi.
CAVAD





